Rusiyada terrakt qorxusu!  - Alman kəşfiyyatına məlumat sızdırılıb? - AKTUAL

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib və Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb. Bu barədə Almaniya XİN-in yaydığı bəyanatda deyilir.
Eyni zamanda nazirlik Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərlə bağlı da xəbərdarlıq edib. Qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək təhlükəlidir. 

“2023-cü il fevralın 20-dən fevralın 26-dək Rusiya hökuməti bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan çəkinin”.

Məsələni "Sherg.az"a dəyərləndirən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli qeyd edib ki, almanlar Qərb Rusiya qarşıdurmasında öz vətəndaşlarının arada qalmalarını istəmirlər:

"Ola bilər ki, spirtli içki qəbul edən ruslar daha sonra alman səfirliyinə və Qərb vətəndaşlarına hücum etsinlər. Çünki Rusiyada kifayət qədər milliyətçi qruplaşmalar var. Düzdür, son zamanlar onların fəaliyyəti zəifləyib. Amma yenə də dövlət tərəfindən idarə olunan qruplaşmalar yenidən meydana çıxa bilərlər. 

İndi "qaralara" qafqazlılara deyil, avropalılara qarşı çıxacaqlar. 

Digər tərəfdən Almaniya hökumətinin ABŞ-nin xəbərdarlığından ehtiyat etmə ehtimalı var. Onlar hansısa terror aktının baş verməsindən qorxurlar. Ona görə ki, Kremldən bildirilmişdi ki, ABŞ IŞID-ı Rusiyanın üzərinə salmağı planlaşdırır".
 
Analitikin sözlərinə görə ola, alman kəşfiyyatı Rusiyada hansısa hadisənin baş verəcəyi barəsində məlumat da əldə edə bilər:

"Bununla bağlı müxtəlif versiyalar irəli sürmək olar. Ümumiyyətlə, Avropa ölkələrinin vətəndaşlarını tərk etməyə çağırdığı ölkələrdə, xoşagəlməz hadisələr baş verir. 

Bu terror aktı, təbii fəlakət və ya siyasi hadisə ola bilər. Həmçinin mediada Rusiyanın geniş çaplı hücuma başlayacağı ilə də bağlı xəbərlər dolaşır. Bundan da ehtiyat edilə bilər".