Sərhəddə gərginlik! – “Bu fonda xüsusi təyinatlılar əməliyyatlara...”


Dünən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimə star verilib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib. Məşqlər zamanı keçirilən praktiki məşğələlərdə yüksək dağlıq ərazilərdə donvurma zamanı görülən təxirəsalınmaz tədbirlər, kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi qaydaları şəxsi heyətə çatdırılıb.


Qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Təlimləri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, bu tədbir Ümumqoşun ordunun komandanı tərəfindən ilin əvvəlində təsdiq olunmuş 6 aylıq plana əsasən həyata keçirilir:

"Təlimlər hava şərtlərinə uyğunlaşdırılaraq, dağ şəraitində keçirilir. Bu əsasən  Xüsusi təyinatlı qüvvələrin hazırlığının növbəti döyüş mərhələsinə keçirilməsinə hesablanıb. Digər tərəfdən təlimlərin baş tutduğu zamanda hansısa fors-major vəziyyət yaranarsa, xüsusən sərhəddə baş vermiş gərginlik fonunda xüsusi təyinatlı qüvvələr istənilən əməliyyatlara cəlb oluna bilər.  

Amma düşünürəm ki, indiki mərhələdə təlimlərin keçirilməsi atəşkəsin pozulması ilə əlaqədar deyil. Çünki təlimlər sərhədlərimizdə baş verən gərginlikdən öncə başlayıb. Həmçinin təlimlər ən azı 3 gün- bir həftə davam etdirilir. Yəni bu komandanlıq tərəfindən ilin əvvəlində planlaşdırılmış hadisədir.
Ümumiyyətlə təmas vəziyyətdə hansısa əməliyyatlara cəlb etmə ehtiyacı yaransa, xüsusi təyinatlı qüvvələr tək orada yox, bütün cəbhə boyu əməliyyatlara qoşula bilərlər".