Ağacan Əbiyev ölkədən qaçıb? Açıqlama:“Balalarımın canına and olsun ki...”


Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt edib. 
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil.
Belə ki, Azərbaycan Dövlət İdman Akademiyasının keçmiş rektoru Ağacan Əbiyevin də oxşar problemi var.
Məlumatlı şəxsin bildirdiyinə görə, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev beş il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkisində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.
Mənbə deyib ki, xələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun “qara günləri” başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.

Məsələyə münasibət bildirən sabiq deputat və rektor Ağacan Əbiyev "Sherg.az"a vurğulayıb ki, bu yalanı onun düşmənləri yayıb:

"Mən başa düşmürəm, insanların işi-gücü yoxdur? Ağıllarından keçəni başqasının üstünə atırlar. Mənim hadisədən xəbərim yoxdur. Balalarımın canına and olsun ki, birinci dəfədir sizdən eşidirəm. Allah onların cəzasını verəcək. Bu qədər də həyasızlıq və insafsızlıq olar? 

Mən həmin dövrlərdə yarışlar keçirmişəm və yarışdan gələnləri qarşılamışam. Heç bir yerə isə getməmişəm. Söz azadlığı olduğu üçün kim, nə istəyir yazır. Qoy yazsınlar, eybi yoxdur, lakin Allah bunlara belə şeyləri bağışlamayacaq. İkincisi, biz belə böhtanlarla düşmənlərimizin əlinə material veririk. Bunlar düşmənlərimizin işidir. Çünki adi Azərbaycan vətəndaşı belə bir şey edə bilməz. Mən federasiyada və dünya çempionatında baş hakim olmuşam.

 Hesab edirəm ki, bu oyunu açanlar küçə adamlarıdır və onların edəcəyi söhbətlər bundan artıq deyil. Mənim yaşım doxsana doğru gedir. Əgər kişidirlərsə, özlərinə uyğun adam tapmalıdırlar.

Təqaüdçü adama qara yaxmaq tərbiyəsizlikdir. Məni tanıyanlar onların cavabını verəcək. Bu qədər işlər görəsən, sənə böhtan atalar”.