“Bu gün ölkəmizdəki inanclı insanların yarısı İrandakı Xameneinin, yarısı da İraqdakı Sistaninin fətvası ilə hərəkət edir”
“Amma nə Xamenei, nə də Sistani Qarabağ işğalı və Xocalı soqrımı barəsində bir kəlmə belə danışmayıblar. Halbuki bu insanlar onlara xüms və zəkat pulları göndərir”
“Bunun qarşısı QMİ indiyə kimi almalı idi, amma almayıb. İndi isə heç olmasa başımıza gələn hadisələrlə bağlı dünyada təbliğat aparsınlar”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb.
İdarədən verilən xəbərə görə, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olaraq.
Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin və digər dini icma rəhbərlərinin ABŞ səfərinin önəmli addım olduğunu deyən ilahiyyatçı Tural İrfan "Sherg.az"a vurğulayıb ki, Ermənistan Azərbaycan müharibəsi başlayandan bəri ermənilər tərəfindən Azərbaycanın müsəlman və xristian din abidələrin təhqir edilərək dağıdılıb:
"Mən həmişə QMİ-ni və onun sədrini aktiv olmadığı üçün tənqid etmişəm. Düzdür, onlara da bir qədər İran təzyiqi var idi. Yəni idarə İran ruhundan ayrıla bilmədiyi üçün bu cür çətinliklərlə qarşılaşırdı. Hətta QMİ rəhbərliyinin İran müştehidlərini təqlid etməsi və onların fətvası ilə hərəkəti, qeyri- dinlərin rəhbərləri ilə görüşə icazə vermirdi. İndi isə QMİ-nin Cənub qonşumuzun təsir orbitindən uzaqlaşdığını görürük. Bu kimi görüşlər təqdirəlayiqdir və daha çox olmalıdır".
T.İrfan qeyd edib ki, Azərbaycandakı dini tolerantlıq bütün dünyaya nümunə kimi göstərilməlidir:
"Həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı din adamları da böyük işlər görməlidir. Hətta A.Paşazadə və Azərbaycanda olan digər dinlərin icma rəhbərləri Roma papası ilə görüşüb ona təsir göstərə bilərlər. Yəni Ermənistanın vəhşilikləri və dini abidələrə hörmət etməməsi haqqında məlumatlar verilməlidir.
Təəssüf ki, bu gün ölkəmizdəki inanclı insanların yarısı İrandakı Xameneinin, yarısı da İraqdakı Sistaninin fətvası ilə hərəkət edir. Amma nə Xamenei, nə də Sistani Qarabağ işğalı və Xocalı soqrımı barəsində bir kəlmə belə danışmayıblar. Halbuki bu insanlar onlara xüms və zəkat pulları göndərir.
Bunun qarşısı QMİ indiyə kimi almalı idi, amma almayıb. İndi isə heç olmasa başımıza gələn hadisələrlə bağlı dünyada təbliğat aparsınlar. Bu baxımdan da hesab edirəm ki, belə görüş və səfərlər daha da çoxalmalıdır".