Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbs edilib.
Azərbaycanlının yaxınlarının məlumatına görə, fevralın 20-də səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər. O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər. Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11:30-da polis bölməsinə gedib. 12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib. Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib. Fevralın 21-də səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib. Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.
Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğlu, GünazTV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşıdır.
Məhəmməd Yusifinin həbsinin GünazTV və Əhməd Obalının fəaliyyəti ilə bağlı olduğu və bundan Obalıya qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi ehtimal olunur.
Bacısı oğlunun həqiqətən də həbs edildiyini deyən Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri Əhməd Obalı "Sherg.az" a bildirib ki, O Ərdəbildə həbs edilsə də, gecə ailəsindən xəbərsiz Tehrandakı evin zindanına göndərilib:
"Bacım oğlu yolda olanda ailəsi ilə bir neçə kəlmə danışa bilib. Ancaq zindana göndərildikdən sonra əlaqə qura bilmirik. Hətta onun vəkil tutmasına belə icazə verilmir. Həbsin səbəbinə gəldikdə isə, bizə qarşı təzyiq üçün olduğunu düşünürəm. Amma hələlik həbsin səbəbini dəqiq bilmirik. Sadəcə məlumat yayılıb ki, guya o rejimin əleyhinə təbliğat aparıb. Lakin Məhəmməd bu işlərdə çox mühafizəkardır. Onun həbsinin etiraz ilə əlaqədar olduğuna inanmıram. Ümumiyyətlə, bizi təhdid etmək üçün ailə üzvlərimzin həbs edilməsi keçmişdə də olub. Ancaq bundan bizim əleyhimizə təzyiq ünsürü kimi istifadə edə bilməyəcəklər".
Ə.Obalı qeyd edib ki, hüquqlarının əllərindən alınmasına etiraz olaraq fəaliyyətlərini davam edəcəklər:
"İranda Azərbaycan türklərinin bütün hüquqları pozulur. Onlar bizi təzyiqlə yolumuzdan uzaqlaşdırmaq istəyirsə, bu, baş tutmayacaq. Onlar mənim qohumlarımın hamısını həbs etsələr belə, işimizə davam etməliyik. Əgər rejim mübarizəni sonlandırmağımızı istəyirsə, millətimizin haqlarını geri qaytarmalıdır. Bizim onlardan tələbimiz isə milli kimliyimizi dağıtmamalarıdır. Biz Azərbaycan türkləri olaraq hüquqlarımızı tələb edəcəyik. Onların belə addım atması, bizi fəaliyyətimizi daha da artırmağa məcbur edir".