"Çünki cinayətkar terraktı bizim torpaqlarda törədib və Azərbaycan qanunlarına görə cəzalandırılmalıdır”
“Ancaq indiyə qədər onu İran tərəfindən ala bilməmişik”
“Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu təşkil olunub”.
Bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icarıçıları məsuliyyətə cəlb edilməlidir:
“Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquq yardım haqqında vəsadət hazırlayırıq. Danışığımız əsasında həmin vəsadət göndəriləcək və zərurət yaranarsa bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayacağıq”.
Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfriliyinə qarşı silhalı hücumla bağlı bir çox qaranlıq məqamlar vardır: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.
İrandakı səfirliyimizin Azərbaycan torpaqları sayıldığını deyən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a bildirib ki, Azərbaycan ərazisində törədilən hadisəyə görə həbs edilən cinayətkar dərhal bizə təhvil verilməlidir:
"Çünki cinayətkar terraktı bizim torpaqlarda törədib və Azərbaycan qanunlarına görə cəzalandırılmalıdır. Ancaq indiyə qədər onu İran tərəfindən ala bilməmişik. Hətta izahat var ki, İran qanunlarına görə orada həbs olunan şəxs bizə verilməyəcək. Lakin cənub qonşumuzun qanunları öz ərazisində keçərlidir və ərazisindəki səfirlik aid olduğu ölkənin ərazisi hesab edilir. Yəni bizim torpaqlarda cinayət baş verib və məsuliyyətli şəxs dərhal Azərbaycana verilməlidir. Əgər vermirlərsə, bizim DTX və prokurorluğun əməkdaşlarının İrana gedərək məsələni araşdırması və materiallar götürməsi təbii haldır. İran tərəfinin buna icazə verməmək ixtiyarı yoxdur. Onsuz da cənub qonşumuz insan hüquqlarını pozan və beynəlxalq qanunlara hörmət etməyən bir dövlətdir. Amma biz hadisəni gün işığına çıxartmaq üçün cəhd etməliyik. Əgər buna icazə verilməsə, adekvat tədbirlər görülməlidir. İranın buradakı səfirliyi və İran-Azərbaycan münasibətlərindəki siyasətimizə yenidən baxa bilərik. Biz onların özbaşınalığına boyun əyməməli və hadisəni sonuna qədər araşdırmalıyıq".