“Öncə qetd etmək istərdim ki, Qərbi Azərbaycan İcması (QAİ) fəaliyyətə başladığı qısa müddət ərzində bir neçə beynəlxalq təşkilatlara müraciət edib. Göndərilmiş bu məktublarda isə indiki Ermənistan ərazisində on illiklər boyu, tarixən orada yaşamış azərnaycanlılara qarşı törədilmiş bəşəri cinayətə diqqət çəkilib”.
Bunu “Sherg.az”a açıqlamasında Qərbi Azərbaycandan olan millət vəkili Məlahət İbrahimqızı deyib.
O vurğulayıb ki, məktubun mətni QAİ-nin Qərbi Azərbaycana Sülməramlı Qayıdış Konsepsiyası əsasında hazırlanıb:
“Konsepsiyada da göstərildiyi kimi, Ermənistandan qovulmuş hər bir azərbaycanlıların dinc, əmin-aman, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmaq haqqı var. Bu mənada Avropa İttifaqına ünvanlanmış müraciətdə də Avropanın nüfuzlu təşkilatının bu məsələdə İcmaya, Ermənistandan məcburi olaraq deportasiya olunmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün dəstək verilməsi xahiş edilir. Bununla bərabər məktubda Aİ-nin Ermənistandakı missiyasının ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirlərinin həyata keçirməsi zəruri olduğu bildirilir”.
Xanım parlamentarinin sözlərinə görə, son vaxtlar Avropa İttifaqı Azərbaycan-Ermənistan arasındakı münasinətlərin normalaşması üçün çox ciddi səy göstərir:
“Bütövlükdə həm ölkə ictimaiyyəti, həm də Qərbi Azərbaycan ictimaiyyəti Avropa İttifaqının bu rolunu yüksək dəyərləndirir. Davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan zor gücü ilə qovulmuş azərbaycanlıların qayıtmalarına Aİ-nın dəstək verəcəyinə ümid edirlər. Məlumdur ki, erməni millətçiləri ən azı iki yüz ildir ki, Azərbaycan xalqına qarşı öz tarixi torpaqlarında-indiki Ermənistanda deportasiya və soyqırımı cinayətləri törədiblər. Bunun nəticəsidir ki, Ermənistan bu gün Avrasiyanın yeganə monoetnik ölkəsidir.
Avropa İttifaqı öz missiyasına uyğun olaraq Ermənistanı heç bir etnik ayrı-seçkilik etmədən insan hüquqlarına hörmət etməyə vadar etməlidir. Uzun illərdir ki, indiki Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlılar öz evlərini, doğmalarının uyuduğu qəbiristanlıqları, müqəddəs yerləri və mədəni abidlərini ziyarət edə bilmirlər. QAİ-nin göndərdiyi məktubda da qeyd etdiyim bu problem əks olunub və Avropa İttifaqının Ermənistandakı missiyası bu həssas məsələri həll etməyə çağırılıb”.
Qeyd edək ki, martın 1-də Qərbi Azərbaycan İcması tərəfindən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub göndərilib. Məktubda Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edilib. İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.