“Azərbaycan İsrail üçün itirilməyəcək müttəfiqdir” - Yeni “kartlar” açılacaq!


Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, C.Bayramov İsraildə səfirliyimizin açılış mərasiminə qatılacaq.
Onun İsrail rəsmiləri ilə görüşü gözlənilir.

Azərbaycan-İsrail münasibətlərinin ikili tərəfdaşlığa əsaslandığını deyən Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl "Sherg.az"a bildirib ki, bu əməkdaşlıq daha da inkişaf etməkdədir:

"Ümumiyyətlə rəsmi Təl-əviv ilə Bakı arasındakı ikili münasibətlərdə həssas məqamlar var. Azərbaycan tərəfi hər zaman yürütdüyü siyasətdə İranı narahat etməmək üçün bəzi addımlar atıb. Bunlardan biri də İsrail də səfirliyin açılmaması idi. Hətta Ermənistan-İsrail münasibətləri Təl-əviv Bakı arasındakı əlaqədən yaxşı olmasa da rəsmi İrəvanın orada səfirliyi var idi. İran tərəfi isə Ermənistanı günahlandırmaqdansa, ona dəstək verirdi. Azərbaycan tərəfini isə ilk təmasda sionistlə əlaqədə ittiham edirdi.

 Cənub qonşumuzun bizə yönəlik son anti-Azərbaycan siyasəti bəzi məsələləri yerinə oturtdu. Yəni Azərbaycan İsraildə həm səfirlik, həm də təmsilçilik açmaq qərarı aldı. Mənə görə bu çox yerində verilmiş bir qərar idi. Ümumiyyətlə, bütün ölkələr öz siyasətini başqalarına görə deyil, milli maraqlarına görə həll etməlidir. Bu baxımdan da İsraildə səfirliyin açılması alqışlanası qərar idi".

 Analitikin qənaətinə görə, bəzən bizim əlaqələrimizi şişirdirlər ki, İsrail Azərbaycana silah verib:

"Lakin unutmamaq lazımdır ki, Azərbaycan o silahları öz maadi gücü hesabına satın alıb. Çünki NATO ölkələri silah satmağa qadağa qoyub. Düzdür, bu əməkdaşlıq bizim üçü əhəmiyyətli idi. Amma rəsmi Bakı da İsraili ciddi şəkildə enerji ilə təmin edir. Yəni bu ikili münasibətləri idealizə etmək olmaz. Dediyim kimi münasibətlərimiz çox yaxşıdır. 

Rəsmi Təl-əviv Azərbaycana Qarabağ məsələsində də dəstək verdi. Ancaq unutmaq lazım deyil ki, Azərbaycanın da İsrailə verdiyi dəstək az deyil. Burada qarşılıqlı münasibətlər var. Digər tərəfdən rəsmi Bakı Təl-əviv üçün Cənubi Qafqazda itirilməyəcək bir müttəfiqdir. Bunun da arxasında İsrailin İrana qarşı yürütdüyü siyasət dayanır. 

Yəni onlar da öz maraqları istiqamətində hərəkət edir. Amma bütün bu məsələlərə baxdığımız zaman ikili münasibətləri yüksək dəyərləndirmək lazımdır. 

O ki, qaldı C.Bayramovun İsrail səfəri, mənə görə bu münasibətləri daha da irəliyə aparmaq üçün vacib addımlardan biridir. Ziyarətdə isə həm bölgəmizdə, həm də dünyada baş verən proseslərin dəyərləndiriləcəyini və perspektivlərə yönəlik əməkdaşlığın necə artıralacığının müzakirə ediləcəyini düşünürəm".