Oxçuçay: suyun rəngi dəyişib, balıq ölümləri artıb




  “Ermənistan 1993-cü ildən sonra zəbt etdiyi və Vətən müharibəsinə qədər işğal altında saxladığı Azərbaycan torpaqlarında ekoloji terror həyata keçirib".
Bunu "Şərq"ə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Oxçuçay probleminin həlli ilə bağlı müraciətimizə beynəlxalq təşkilatların konkret cavab verməməyindən danışarkən deyib. O vurğulayıb ki, meşə zonaları məhv edilib, yandırılıb: "Kəlbəcərdə Zod, Zəngilan ərazisində Vejnəli və Ağdərədə Qızılbulaq, Dəmirçi qızıl mədənləri vəhşicəsinə, standartlara uyğun olmayan şəkildə talan edilib. Erməni barbarları hətta 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra da canlı təbiətə qarşı düşmənçiliklərini davam etdirdilər. Bəyanata uyğun olaraq, tərk etdikləri Azərbaycan ərazilərində - Laçın, Kəlbəcərdə meşə yanğınları həyata keçirdilər. Ermənilərin işğal dövründə törətdiyi ekoloji cinayətlərdən biri də Oxçuçayın sənaye tullantıları ilə çirkləndirilməsi idi". 

  E.Cəfərli diqqətə çatdırıb ki, Oxçuçayın ümumi uzunluğunun 40 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür: "Bu hissədə Ermənistanın bir sıra şəhər və kəndləri, həmçinin iri dağ-mədən sənaye müəssisələri yerləşir. Bunun nəticəsi olaraq, çayın suyu ağır metallar və digər zərərli kimyəvi elementlərlə, məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilib. Çayın Azərbaycan hissəsindəki yatağında ermənicə yazısı olan xeyli məişət tullantılarına rast gəlinib. Çay daha çox Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilir. Ən dəhşətli ekoloji fəlakət yaradan isə dağ-mədən sənaye tullantılarıdır. Bu tullantılar canlı orqanizmlər üçün daha təhlükəli olub, müəyyən vaxtlarda intensivləşir. Son günlər Oxçuçaya axıdılan bu çirkli suların təsiri ilə çay suyunun rəngi dəyişib, balıq ölümləri artıb. Çaya yaxın ərazilərdə ağacların budaqları quruyub. Buna görə də çayın suyundan və ərazidəki meyvələrdən istifadə qadağan edilməlidir. Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki “Qacaran mis molibden” kombinatının səhmdarı olan Almaniyanın “Cronimet” Holdinq şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib. Çayın çirklənməsi bu gün də davam edir. Məsələ ilə bağlı Azərbaycan vətəndaş cəmiyyətinin fəalları dəfələrlə dünyanın nüfuzlu ekoloji qurumlarına müraciət ediblər. Amma təəssüf ki, hələ ekoloji fəlakətlə bağlı həyəcan siqnalına adekvat reaksiya verilməyib. Hesab edirəm ki, Azərbaycan vətəndaş cəmiyyətinin fəalları, ekologiya üzrə ixtisaslaşmış təşkilatlar dünyanın siyasi mərkəzlərində, beynəlxalq təşkilatlar önündə aksiyalar başlatmalıdırlar. Bakıda Azərbaycan dilində tədbir keçiririk, özümüz deyib, özümüz də eşidirik. Deyilənləri Azərbaycandilli media yazır, sonda da nəticə olmur. Problemlə bağlı araşdırmalar davam etdirilməli, sosial şəbəkələrdə xarici dillərdə ciddi kampaniyalar aparılmalıdır. Oxçuçayın çirkləndirilməsi ilə bağlı ingilis, fransız, rus dillərində sənədli filmlər, sosial çarxlar çəkilməli, beynəlxalq təşkilatlara göndərilməlidir”.

  Qeyd edək ki, BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında bildirib ki, Oxçuçay probleminin həlli ilə bağlı konkret cavab almadıq. Nazir deyib ki, bu, transsərhəd su problemləri ilə məşğul olmaq üçün qaçırılmış fürsət idi: “Amma yenə də biz inanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik”.