Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərinin böyük əhəmiyyət kəsb etdiyini deyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az” qeyd edib ki, Özbəkistan Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət ayırır:
“Fikir verirsinizsə, Qarabağın azadlığından sonra Özbəkistanın ölkəmizə böyük marağı yaranıb. Qarabağın bərpası ilə bağlı ilk təşəbbüsə qoşulan dövlətlərdən birincisi də məhz Özbəkistan oldu. Həmçinin Füzulidə məktəbin tikintisinə dəstək verməsi, rəsmi Daşkəndin ölkəmizə olan diqqətini bir daha göstərirdi. Ümumiyyətlə qarşılıqlı səfərlərin, tədbirlərin intensivləşməsi əlaqələrin inkişafında yeni mərhələnin başlanacağına işarədir. Üstəlik, iki qardaş ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Hər səfər əlaqələrin inkişafı üçün yeni imkanlar açır. Çünki ortada əməkdaşlığın inkişafı üçün real iradə var. Yəni Özbəkistan və Azərbaycanı birləşdirən ortaq cəhətlər çoxdur. İki ölkə bir-birini gözəl anlayır. Bu isə ortaq hərəkət etmək üçün yaxşı şəriat yaradır. Həmçinin, Özbəkistanın Türk Birliyinin qurulmasında da fəal rolu var. Atılan addımlar bunu təsdiqləyir. Özbək iş adamlarının Azərbaycana yatırım qoymaları ilə bağlı fikirlər səslənir. Yatırımlar qarşılıqla ola bilər. Bu həm də yeni bazarların yaranması deməkdir. Ola bilər ki, qarşıda ortaq istehsal başlanıla bilər”.