Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkələrdə yenidən müzakirə predmetinə çevrilib.
Buna səbəb onun yazdığı təbrik mesajında Azərbaycan dilinin qrammatik normalarını pozması olub.
Yazıçı sözügedən səhvlərə Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə yazdığı ad günü mesajında yol verib.
Sosial şəbəkə istifadəçiləri Ç. Abdullayevi Azərbaycan dilini bilməməkdə, cümlələri natamam yazmaqda ittiham ediblər.
Ümumiyyətlə, bəzi yazıçılarımız, millət vəkilləri və digər ictimai fiqurların Azərbaycan dilinin qrammatikasını pis bilməsi hər zaman qınağa çevrilir və bir müddət gündəmi zəbt edir.
İctimai xadimlərin, deputatların, nazirlərin və hökumət adamlarının Azərbaycan dilində doğru danışması məsələsinin hər zaman aktual olduğunu söyləyən tanınmış teletənqidçi, Bakı Dövlət Universitetinin "Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri, professor Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, yazıçıları bu kateqoriyaya aid etmir:
“Söhbət peşəkar, tanınmış və Azərbaycan dilinin keşiyində dayananlardan gedir. Çünki bir çox hallarda dilin normalarını müəyyən edən yazıçılar və şairlərdir. Ümumiyyətlə, vəzifəli şəxslər və nasirlər arasında bərabərlik işarəsi qoymaq olmaz. Ona görə ki, yazıçıların özləri də vəzifəli şəxslərdən dilin normalarının gözlənilməsini tələb etməyə borcludurlar. Yəni buna mənəvi haqqı çatır. Dünyanın əksər ölkələrində dil məsələsi çox həssasdır. Vəzifə tutan adamların ana dilini bilməsi və buna riayət etməsi vacibdir. Məsələn, Ukraynada xüsusi strukturlarda və Təhsil Nazirliyində dilnən bağlı komissiya fəaliyyət göstərir. Onlar məmurların dil məsələsinə və dilin tədrisinə ciddi diqqət yetirirlər. Digər tərəfdən millət vəkili nəyisə yazır, deyir. Bu səbəblə də mətbuat katibi onun əvəzindən danışa bilməz. Çünki deputatın işi danışmaqdır. "Parlament" sözünün özü də fransızcadan "parle" danışmaq sözündən götürülüb.
Ona görə də həmin insanlar öz nitqləri üzərində çalışmalıdırlar. Məsələn, Tetçer baş nazir olduqda özünə xüsusi müəllim tutmuşdu ki, nitqi ilə məşğul olsun. Ümumiyyətlə, bu millətin çörəyini yeyən, adını daşıyan vəzifəlilər Azərbaycan dilində yaxşı danışmalıdırlar. Ona görə ki, dil bir xalqın varlığının, təfəkkürünün və düşüncə tərzinin göstəricisidir. Bizdə isə təəssüf ki, yaxşı danışan deputatlarla yanaşı ana dilinin "qabırğasını sındıranlar" da var. Yaxşı olar ki, onlar ya danışmasınlar, ya da özlərinə müəllim tutsunlar. Son vaxtlar qəbullarda vəzifə adamlarına rast gəlirəm ki, Azərbaycan dilində yaxşı danışmağa çalışırlar. Lakin hamı belə deyil. O insanlar isə həm danışıqlarına, həm də əxlaqlarına diqqət yetirməlidirlər. Yəni özlərini cəmiyyətə normal təqdim etməlidirlər”.