Xocalıda traktor minaya düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Partlayış nəticəsində xəsarət alan yoxdur. Araşdırma aparılır.
Mina təhlükəsi barəsində "Sherg.az"a danışan hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, açıq desək, bu məsələ ilə bağlı qısa müddətdə tam nəticə əldə etmək mümkün deyil:
"Məsələ burasındadır ki, Azərbaycanın həm ANAMA təşkilatı, həm də Müdafiə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mühəndis istehkam bölmələri işğaldan azad edilən ərazilərdə davamlı olaraq minadan təmizləmə işlərini həyata keçirirlər. Lakin bu elə bir prosesdir ki, illərlə davam edə bilər. Yəni bu istiqamətdə tam nəticənin əldə edilməsi üçün bir neçə onillik lazımdır".
Ekspert əlavə edib ki, minadan qorunma vətəndaşların öz üzərinə düşən məsələdir:
"Vətəndaşlarımız həmin ərazilərə səfər edən zaman olduqca diqqətli olmalıdırlar. Ümumiyyətlə minadan təmizlənib işarəsi olmayan ərazilərə keçid arzuolunan deyil. Minaya düşən insanların əksəriyyəti də bu şəraitdə xəsarət alırlar. Digər tərəfdən mina təhlükəsizliyi üçün maarifləndirmə işlərinin davamlı aparılması lazımdır. Əslində bu istiqamətdə də böyük işlər görülür. Hətta işğaldan azad olunan ərazilərə səfər edərkən belə, mina təhlükəsizliyi ilə bağlı kifayət qədər lövhələr və banerlərlə rastlaşırıq. Vətəndaşlarımız başa düşməlidir ki, "minadan təmizlənib" yazılmayan ərazilərə keçid təhlükəlidir".