ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Laçın sərhədinə gəlib.
APA xəbər verir ki, ATƏT sədrinin tapşırığı ilə Laçın yolunda vəziyyətlə tanış olmaq üçün avqustun 22-də Ermənistana səfər edən Kaspşik Gorusun Laçınla həmsərhəd Kornidzor kəndində olub.
30 il ərzində münaqişənin həlli üçün səyləri yalnız bölgəyə əhəmiyyətsiz səfər etməkdən ibarət olan Kaspşik durbinlə Laçın sərhəd-buraxılış məntəqəsini və Azərbaycan ərazilərini müşahidə edib.
Onun sərhədə nə vaxt gəldiyi açıqlanmır.
Həmçinin Kaspşik Ermənistanla yanaşı, Azərbaycana da səfər etmək niyyətində olub. Lakin rəsmi Bakı onun bu səfərinə ehtiyac görməyib, bunu vaxt itkisi hesab edərək razılıq verməyib.
Anjey Kaspşikin səfərini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib ki, Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupu tarixin zibilliyinə göndərildi:
"Biz görürük ki, müharibədən sonrakı periodda Ermənistanın arxasında olan qüvvələr heç nə ilə yadda qalmayan platformanı yenidən dirçəltməyə çalışırlar. Bu mövzuda xüsusilə də Fransanın daha aktiv olduğu müşahidə olunur. Çünki rəsmi Paris özünün Cənubi Qafqazdakı mövqelərini hər vəchlə gücləndirməyə çalışır.
Digər tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistan tərəfdən sərhəddə gəlməsi də təxribat elementidir. Çünki sual yaranır ki, siyasi gündəlikdən çıxan bir platformanın nümayəndəsi hansı haqla sərhədlərimizə baxış keçirir? Ümumiyyətlə isə artıq Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Bu gün Moskva, Brüssel və Vaşinqton formatları vasitəsilə danışıqlar həyata keçirilir. Hətta sülh müqaviləsinin imzalanması üçün tarixi fürsət yaranıb. Minsk qrupunun fəaliyyətdə olduğu 30 il ərzində isə heç kəs bunu dilə gətirmirdi. Çünki işğal faktoru davam edirdi və belə bir zəmin formalaşmamışdı. Digər tərəfdən işğala son verilməsi konteksində də ATƏT-in heç bir əməli addım atdığını görmədik. Azərbaycan isə hərbi-siyasi yollarla Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Bu gün isə tamamilə köhnəlmiş, heç bir aktuallıq kəsb etməyən narativlərin irəli sürülməsi prosesi zərbə vurur. Kaspşikin səfəri də bu zərbələrdən biridir. Düşünürəm ki, Azərbaycan haqlı olaraq bizim sərhədlərimizdə Kaspşikin səfərinə icazə verməyib. Bu çox doğru yanaşmadır. Ümumiyyətlə ATƏT-in Minsk qrupu ilə bağlı bütün elementlərdən maksimum dərəcədə uzaq durmaq lazımdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib: “Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb”.
Dövlət başçısı Minsk qrupu həmsədrlərinin artıq pensiya vaxtı olduğunu qeyd edib.
“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.