Xəbər verdiyimiz kimi sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Digər tərəfdən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə Ruben Vardanyanın Gorusa getmək istəyərkən Azərbaycan sərhədində saxlanılması barədə məlumat yoxdur.
“Məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm. Onun saxlanıldığını, kim tərəfindən saxlanıldığını, ümumiyyətlə saxlanılıb-saxlanılmadığını və Rusiya vətəndaşlığının olub-olmadığını bilmirəm”, - Peskov bildirib.
Onun sözlərinə görə, əgər Vardanyanın rus vətəndaşlığı varsa, Rusiya onun hüquqlarını qoruyacaq.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Milli Təhlükəsizlik mütəxəssisi Rəşad Rza bildirib ki, Ruben Vardanyana təbii ki cinayət işi açılmalıdır:
"Birincisi, Ruben Vardanyan qeyri-qanuni şəkildə Xankəndinə daxil olmaqla Azərbaycan Respublikasının dövlət sərhədini pozub. Digər tərəfdən, Vardanyanın əməllərində milli, irqi ayrı-seçkiliyə çağırışlar var. Buna uyğun olaraq da Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində (cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi) məsuliyyət müəyyənləşib.
O, Azərbaycan Respublikasının təbii sərvətlərinin qanunsuz istismarı ilə məşğuldur. Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər daxildir. Vardanyan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə oluna bilər. Yəqin ki, hüquq-mühafizə orqanları və Baş Prokurorluq bununla bağlı müvafiq qərar qəbul edəcək.
Həmçinin Rusiya Prezidenti Vladimir Putin Ruben Vardanyanın vətəndaşlıqdan çıxması ilə bağlı fərman imzalayıb. Ola bilər ki, ermənipərəst mövqedə olan insanlar onu müdafiə etmək üçün müvafiq addımlar atsın. Amma Rusiya hakimiyyətinin bununla bağlı yanaşması bəllidir. Ona görə də Şimal qonşumuz rəsmi şəkildə Ruben Vardanyanı müdafiə etməyə risq edə bilməz".