Rusiyanın təsir mexanizmi Ermənistan üçün öldürücü oldu - Əziz Əlibəyli 

Ona görə də rəsmi İrəvan qərar verib ki, Moskvanın könlünü alsın və təhlükəsizlik məsələsindəki qayğılarını Azərbaycana yönləndirsin

Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası saziş imzalamağa dəvət edib.

Bunu parlament sədrinin müavini, baş nazir Nikol Paşinyanın “Vətəndaş Sazişi” partiyasının İdarə Heyətinin üzvü Akop Arşakyan brifinqdə deyib.

“Roma Əsasnaməsinin ratifikasiyasına bir neçə ay qalmış biz Rusiyanı ikitərəfli saziş imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlarda yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir etməsin. Əslində, hələ cavab almamışıq, amma Roma Statutunun qüvvəyə minməsinə hələ çox vaxt var. Hüquqi baxımdan bizim iki ölkəyə toxunan məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən sazişimiz ola bilər”, - deyə o bəyan edib.

Məsələylə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, belə bir prosedur mümkündür:

"Amma bu müəyyən məsələlərdə icazə verilən həddə olmalıdır. Digər tərəfdən sual yaranır ki, niyə Ermənistan belə bir yola əl ataraq xüsusi saziş təklif edir? Çünki Rusiyanın təsir mexanizmi Ermənistan üçün öldürücü oldu. Ona görə də rəsmi İrəvan qərar verib ki, Moskvanın könlünü alsın və təhlükəsizlik məsələsindəki qayğılarını Azərbaycana yönləndirsin. Yəni biz bilirik ki, burada əsas hədəf Azərbaycanı günahlandırmaqdan ibarət olmalı idi".