Yeni Kaledoniya xalqı mövqeyində qətidir -TƏHLİL

Nəyin bahasına olursa-olsun, Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb


  Fransa XXI əsrdə belə  neokolonial siyasətdən əl çəkmək niyyətində deyil. Əksinə, müstəmləkəçilik siyasətini şaxələndirmək istiqamətində mühüm addımlar atır. Fransanın dövlət sərhədlərindən on minlərlə kilometr uzaqda olan  adalar, Afrika ölkələri əsrlərdir ki, rəsmi Parisin istismarçı neokolonial siyasətinin qurbanına çevrilib. Bütün  imperialist dövlətlər kimi, Fransa da aborigen xalqları qırıb-çatıb, onlara qarşı genosid siyasəti yeridib. Bu dövlət müstəmləkəsi olan heç bir ölkədən könüllü və ya xoşluqla çıxmayıb, hamısında mütləq qan-qada və qırğınlar törədib. Ən pisi də odur ki, Fransa həmin ölkələrdə necəsə ilişib qalmaqda, hərbi baza saxlamaqda israrlı olub. Bu gün də Afrikanın bir çox ölkələrində Fransanın hərbi bazaları var. Neçə-neçə ölkənin dövlət dili hələ də fransızcadır. Lakin Makron hakimiyyətinin idarəsi altında olan koloniyalar  yavaş-yavaş  etiraz səsini yüksəldirlər. Xüsusən də Yeni Kaledoniya adasının əhalisi, kanak xalqı  "oyanış" mərhələsindədirlər.  Öz müstəmləkəsini əsarətdə saxlamağı üstün tutan Fransa kolonial siyasətə qarşı çıxan, müstəqillik uğrunda mübarizə aparan Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Onilliklərdir bu adada yaşayan yerli əhali öz müstəqil dövlətini qurmaq istəyir, ancaq Fransa imkan vermir.  Artıq rəsmi Paris arxipelaqda  bütün toplantılara qadağa qoyub. 
  Fransa həmçinin  Yeni Kaledoniyanın limanlarına, beynəlxalq hava limanına əsgərlər yerləşdirib və “TikTok”u qadağan edib. İctimai asayiş üçün təhlükə törətdiyi güman edilən şəxslər ev dustaqlığına məhkum edilib, onların evində axtarış aparılıb, qaydaları pozanlara isə həbs cəzası verilib.
Şiddətli insidentlərdə polislərə atəş açılıb, maşınlar yandırılıb, mağazalar talan edilib. Qeyd edək ki, 1853-cü ildən etibarən Fransanın müstəmləkəsi olan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir. XX əsrin əvvəllərindən etibarən Fransa adada aşkarlanmış faydalı qazıntı yataqlarını istismar etməyə başlayıb. Belə ki, adanın qızıl, bürünc, xrom, nikel, dəmir və s. filizləri çıxarılaraq Fransaya daşınıb. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən qurtulmağa çalışır. Yeni Kaledoniya dünyanın ən böyük 3-cü nikel istehsalçısı olmasına baxmayaraq, ölkədə hər beş nəfərdən biri yoxsulluq həddinin altında yaşayır.
Bir sözlə, başqa vaxt insanlara azadlıq, millətlərə istiqlal davası aparan dövlətin bu Yeni Kaledoniyaya qarşı bu davranışı siyasi riyakarlığın bariz nümunəsidir.

 Siyasi şərhçi Fərid Şahbazlı isə “Sherg.az”a açıqlamasında deyib ki, ötən əsrlərin müstəmləkəçilik ab-havasından qurtula bilməyən  neokolonist Fransanın xarici siyasəti müasir tarixində heç vaxt olmadağı qədər böhran keçirir: 
“Onu keçmiş koloniyalarından – Mərkəzi və Qərbi Afrika ölkələrindən – Malidən, Mərkəzi Afrika Respublikasından, Nigerdən, Burkina Fasodan qovurlar.  Nəzarətində saxladığı ərazilərdə fransayönümlü administrasiyalar  devrilir, müstəmləkə dövründən qalma fransız hərbçiləri, fransız firmaları və fransız mütəxəssisləri çıxarılır, hərbi-siyasi və iqtisadi müqavilələrə xitam verilir. Şimali Afrikanın ərəb ölkələri də fransızlara qarşı soyuq düşmənçilik nümayiş etdirirlər.
  Fransa indi də  nəzarət etdiyi Yeni Kaledoniyada müstəqillik hərəkatına zərbə vurmaq istiqamətində aktiv fəaliyyətə keçib. Hər vəchlə də müstəqillik uğrunda vuruşanlara əks-cəbhə yaratmağa çalışır. Lakin  Yeni Kaledoniya xalqı mövqeyində qətidir. Nəyin bahasına olursa-olsun, Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar. Gözləmək olar ki, bu proses tək Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş müstəmləkələri də əhatə edəcək”.
  
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan neokolonializmə qarşı mübarizəyə dəstək verən ölkə kimi prosesləri yaxından izləyir: 
“Hazırda Azərbaycanın təşəbbüs və təklifi ilə beynəlxalq aləmdə Fransa müstəmləkəçiliyinə qarşı ciddi mübarizə aparılır. Bu prosesə Bakının liderlik etdiyi heç kimə sirr deyil. Azərbaycan müstəmləkələrin – Fransanın dənizaşırı adlandırdığı ərazilərin nümayəndələrinin iştirakı ilə böyük konfranslar təşkil edir.  Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu da Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Yeni Kaledoniyada baş verən hadisələr, Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıq qəbuledilməzdir.
Fransanın kolonial siyasətinin qurbanı olan bölgələr də  bu dəstəyin fərqindədir. Onlar Azərbaycanın prosesə verdiyi dəstəyi yüksək qiymətləndirirlər”.