Qırmızı dənizdən daşımaların azalması konteyner qiymətlərinin artmasına səbəb olub. Xəzər TV bildirir ki, Asiyadan Şimali Avropaya gedən 40 metrlik yük konteynerinin spot qiyməti 173 faiz artımla 4 min dolları keçib. Qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə Husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri isə 5 min 175 dollara qədər yüksəlib.
Bəs, logistika xərclərinin artması ölkəmizdə avtomobil bazarına təsir edə bilərmi? Məsələ ilə bağlı “Sherg.az”a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, istənilən halda daşınmaların xərci artdıqca sahibkarlar qiymət artımına əl atmalı olur:
“Burada isə hər maşına dərhal yüksək məbləğ qoyulmayacaq. Məsələn, bir reysdə neçə maşın gətirilirsə, ümumi bölgü kimi həmin maşınların üzərinə tətbiq olunacaq. Sahibkar bir dəfəyə 20 - 30 maşın gətirirsə, maşının hər birinə 100-200 dollar əlavə qiymət təyin edir ki, çəkdiyi xərci ödəyə bilsin. Bu da təbii haldır. Bir sözlə, daşınma xərci artan zaman, ölkəyə gətirilən məhsulun qiyməti artır. Bu prosses istər neft, istərsə də ərzaq məhsulunda belədir, fərq etmir. Sözsüz ki, belə bir vəziyyətdə avtomobillərin qiyməti bahalaşacaq".