Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçiriləcək.
Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
O, qeyd edib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim edib.
Qriqoryanın fikirlərini "Sherg.az"a dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, İrəvan dəfələrlə Azərbaycanın sülh müqaviləsi ilə bağlı göndərdiyi təkliflərə müvafiq qeydlər edir və öz təkliflərini irəli sürməklə geri göndərir:
"Axırıncı dəfə onların bu məsələyə münasibət bildirib, sənədləri Azərbaycan tərəfinə qaytarması təxminən 70 gündən çox çəkmişdi. Yəni, sülh istəyən bir dövlətin 5-6 bənd üzərində fikir bildirməsi üçün ən çox beş gün vaxt sərf edilə bilər. Ermənistanın 2 aydan çox prosesi ləngitməsi sülh müqaviləsində maraqlı olmadıqları göstərir. Əksinə olaraq Ermənistan həmin dövrdə xaricdən silahların alınması ilə məşğul idi. İndi isə növbəti paketi yanvarın 4-də geri qaytardılar və öz təkliflərini verdilər. Bu tamamilə vaxtı uzatmaq prinsipidir. Ermənistanın özünə qalsa, bəlkə də müəyyən irəliləyişlər əldə etmək olardı. Amma Ermənistana Avropa, Amerika və qonşu dövlətlər tərəfindən ciddi təzyiqlər var. Ona görə də sülh müqaviləsinin imzalanması hələlik gecikir. Amma sülh müqaviləsinin bu gün Azərbaycandan daha çox Ermənistana lazım olduğunu nəzərə almaq lazımdır. Azərbaycan özünün şərti sərhədlərinə artıq çıxıb və öz ordusunu yerləşdirib. Azərbaycan ərazisində bütün separatçı rejim məhv edilib. Azərbaycanın konstition quruluşu bütün ərazilərində bərpa olunub. Buna görə də belə bir şəraitdə sülh təklifi Ermənistandan gözləniləndir. Amma yenə də Azərbaycan sülhə sadiqliyini nümayiş etdirərək bu məsələdə də öndədir və Ermənistana kömək əlini uzadır".
Ç.Qənizadə həmçinin, qeyd edib ki, Delimitasiyası və demarkasiyası uzun çəkən prosesdir:
"Hesab edirəm ki, sülh müqaviləsindən sonra delimitasiya məsələləri davam etdiriləcək. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlər hansısa düzənlik ərazidə deyil, çox çətin keçidli coğrafi məkandadır. Ona görə də ilkin olaraq sülh sazişi imzalanmalıdır. Bundan sonra komissiya öz işini davam etdirərək sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Ola bilər ki, hansısa ərazi və yüksəklik ilə bağlı narazılıqlar olsun. Amma bu sülh sazişini şübhə altına almalı deyil. Delimitasiyası prosesinin uzun çəkən proses olduğu nəzərə alaraq yaxın vaxtlarda həllini gözləmək absurddur. Amma sülh sazişi Novruz bayramına qədər reallaşsa, bu uğurlu bir addım olardı. Bəzi ölkələr istəməsə də, Cənubi Qafqaza sülh lazımdır".