Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər.
Bunu Estoniya Baş naziri Kaya Kallas deyib.
“Rusiya sözsüz ki, NATO ilə münaqişədən qorxur. Və biz Alyansda olduğumuz üçün müharibəmiz yoxdur. Ona görə də bunun real təhlükə olduğunu düşünmürəm. Eyni zamanda, Avropa ölkələri öz müdafiə xərclərini artırmalıdır. NATO Nizamnaməsində hamımıza məlum olan 5-ci maddə var, lakin 3-cü maddə də var ki, hər bir ölkə özünün və kollektiv müdafiəsini gücləndirmək üçün əlindən gələni etməlidir”, - Kallas bildirib.
Baş nazirin fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, Hazırda Ukrayna savaşı ətrafında kifayət qədər ziddiyyətli situasiya yaranıb:
"ABŞ-nin Ukraynaya hərbi yardımları dayandırmasından sonra situasiya daha da qəlizləşib. Faktiki olaraq ABŞ-ı yardımları dayandırmaqla Ukrayna savaşının bütün maliyyə yükünü Avropa Birliyinin üzərinə atmaq istəyib. Belə olan halda isə Avropa İttifaqı ölkələri, xüsusilə də kollektiv Qərb konkret seçim qarşısında qalıb. Bu ölkələrin də böyük əksəriyyəti NATO üzvləridir. Eyni zamanda NATO-nun təhlükəsizlik çətiri altında özlərini qorumaq imkanları var. Amma məsələ ondan ibarətdir ki, Şimal qonşumuz köməksiz Ukrayna üzərində qələbə qazanarsa, Avropanın əksər dövlətləri Rusiyanın yeni hədəfinə çevrilə bilər. Buna görə də NATO üzvü olan Avropa ölkələri bu barədə ciddi düşünmək məcburiyyətində qalıblar. Hazırda onların qarşısında konkret olaraq iki seçim var. Ya Ukraynanın məğlub olmaması üçün öz resurslarını istifadə etməlidirlər, ya da hərbi xərclərini artırmaq üçün çalışmalıdırlar. Almaniya bütün NATO ölkələrini hərbi xərclərin artırılmasına çağırıb və yaxın gələcəkdə Avropada yeni silahlı münaqişələrin olacağı barədə xəbərdarlıq edib. Eyni zamanda vurğulanıb ki, Avropa ölkələrinin yaxınlaşan hərbi münaqişələrə hazırlaşmaq üçün cəmi 5-7 il müddəti var. Buradan belə bir nəticə çıxır ki, Avropa Birliyi ölkələri yaxın gələcəkdə daha çox öz ordularının gücləndirilməsinə üstünlük verə bilərlər. Belə olan halda isə Ukraynaya Avropa Birliyinin yardımları zəifləyəcək. Çünki iki tərəfli hərbi xərclər Avropa dövlətləri üçün asand məsələ deyil. Yəni, Ukraynanın ümumiyyətlə Rusiya qarşısında tək buraxılma təhlükəsi var".