Bakı bundan sonra da Parisin sərgilədiyi
mövqeyə adekvat və tutarlı cavablar verəcək
Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər
hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının
alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Layihənin lehinə 295, əleyhinə
isə 1 səs verilib. Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların
tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb
olunur. Şübhəsiz, Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə
tutan qətnamə layihəsi heç bir əhəmiyyətli siyasi-hüquqi nəticə doğura bilməz.
Əksinə, bu kağız parçası Parisin Qafqaz siyasətinin iflasının göstəricisidir.
Fransanın isterikası Parisin Bakı qarşısında nə qədər aciz qaldığını, artıq
sağlam və səbatlı qərar verə bilməyərək hətta özünə zərər vurmağa başladığını
nümayiş etdirir. Sirr deyil ki, Fransanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistan
və Gürcüstanla birgə dövriyyəsindən xeyli çoxdur. Bu mənada, Parisin mümkün
"sanksiyası" ilk növbədə elə özünün maraqlarına zərbədir və Makron Azərbaycanı
yox, məhz Fransanın Cənubi Qafqazdakı ticari mənafelərini hədəfə almış olur.
Digər tərəfdən, əgər iqtisadi əlaqələri ehtiva edən sanksiyalardan söhbət
gedirsə, sirr deyil ki, Parisin Mərkəzi Asiyaya artan marağı, xüsusən,
Qazaxıstanın yalnız yerüstü nəqliyyatla daşına bilən Uran ehtiyatlarının nəqli
məsələsində Fransa üçün Azərbaycan açar ölkədir.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, prinsip etibarilə
Fransa Senatı ilk dəfə deyil ki, Azərbaycan əleyhinə qətnamə qəbul edir.
Bununla belə, qətnamənin adı və nəzərdə tutduğu sanksiya diqqət çəkir. Onun
sözlərinə görə, qətnamədə Azərbaycanın Qarabağa “hücumu” pislənir:
"Ümumiyyətlə, bu məqamın qətnaməyə salınması həm beynəlxalq hüququn
pozulması, həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. BMT TŞ-nin
Qarabağın işğalına dair 4 qətnaməsi vardı. Yəni işğal faktı bu qətnamələrlə
beynəlxalq səviyyədə tanınıb. Azərbaycanın Qarabağı hərbi yolla işğaldan azad
etməsi heç bir halda qanunsuz ola bilməz. Əksinə, bu faktı qanunsuz hesab etmək
özlüyündə qanunsuz əməldir. Fransa başda olmaqla əksər ölkələr Qarabağı Azərbaycanın
ərazi bütövlüyü olaraq rəsmi səviyyədə tanıyır. Parisin belə bir qətnamə qəbul
etməsi həm də, bu baxımdan əsassızdır. Digər yandan qətnaməyə Ermənistana hər
hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdləri müddəası da
salınıb. Azərbaycan bu günə qədər Ermənistanın ərazi bütövlüyünü pozacaq addım
atmayıb. Hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycan
ərazilərinə ballistik raketlər atarkən belə rəsmi Bakı yalnız zərbələrin
endirildiyi hərbi təyinatlı məntəqələri sıradan çıxarmaqla kifayətlənmişdi. Yəni
rəsmi Bakının Ermənistan ərazilərini işğal etmək kimi bir düşüncəsi yoxdur.
Düzdür, rəsmilər səviyyəsində qeyd olunur ki, bugünkü Ermənistan əraziləri
tarixi Azərbaycan torpağıdır. Hətta Paris sülh konfransı zamanı Fransa başda
olmaqla dövrün Avropa ölkələri Cənubi Qafqazın siyasi xəritəsini tanıyıb. Və həmin
xəritələrdə Qərbi Zəngəzur, Göyçə mahalı ADR-in parçası kimi təsdiq edilib.
Bununla belə, rəsmi Bakı məsələyə tarixi metodologiya aspektindən
yanaşmır".
T.Rzayev diqqətə çatdırıb ki, qətnamədə Ermənistan əhalisinin Qarabağa
qayıtmaq hüququna təminat verilməsi tələb olunur və Ermənistan əhalisi deyərkən
böyük ehtimalla Qarabağ ermənilərindən söhbət gedir:
"Azərbaycan Qarabağ
ermənilərini qovmayıb. Lokal antiterror əməliyyatlarından sonra Qarabağ erməniləri
Azərbaycanı öz istəkləri ilə tərk ediblər. Hətta qalmalarına dair konkret
çağırış edilsə də, çox az qisim erməni Qarabağda qalıb. Rəsmi Bakının təklifi bu
gün də keçərlidir. Ermənilər Azərbaycan konstitusiyasına tabe olub vətəndaşlığı
qəbul etsələr, Qarabağda yaşaya bilərlər. Fransa isə məsələyə gülünc yanaşma sərgiləyir.
Qətnamə layihəsində diqqətçəkən bir digər məqam da Fransanın Azərbaycana qarşı
sanksiyalar tətbiq etməsidir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi münasibətlər
mövcuddur. Lakin bu, həyati əhəmiyyət kəsb edəcək və ya iqtisadiyyata ciddi zərbə
vuracaq qədər geniş deyil. Fransa region olaraq Azərbaycana çox uzaqdır. Bu ölkənin
nəzarət etdiyi strateji bir nöqtə və ya boğaz da yoxdur. Parisin sanksiya
addımı Bakını narahat etmir. Lakin Azərbaycan Fransanın da daxil olduğu Aİ-nin
alternativ enerji təminatçısıdır. İttifaq ölkələrinin bir çoxu ilə mavi qazın nəqlinə
dair sazişləri var. Yəni müqayisə etdikdə Bakının iqtisadi sahədə təzyiq
rıçaqları daha çoxdur".
Analitik qeyd edib ki, rəsmi Bakının Parislə heç vaxt problemi olmayıb:
"İki ölkənin münasibətlərində yaşanan gərginlik və prosesin hazırkı etapa
gəlməsinin səbəbkarı Fransadır. Parisin anti-Azərbaycan mövqeyi və Ermənistana,
habelə separatçılara dəstək siyasəti iki ölkəni qarşı-qarşıya gətirir. Fransa
özünü fövqəltəbii ölkə saydığı kimi Azərbaycanı da Qərbi Afrikadakı keçmiş müstəmləkəsi
olan ölkələrlə səhv saldı. Bakı son zamanlar Fransanın sərgilədiyi mövqeyə
adekvat və tutarlı cavablar verir. Məsələn, 2023-cü il oktyabrın 20-də Bakıda
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransa Fransanın müstəmləkə altında
saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin dəvət edilməsi,
bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət,
bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasına
vurduğu zərbə Parisin aqressiyasının nədən qaynaqlandığını göstərir".