İran PUA-larla çox riskli addım atıb
Məlumdur ki, SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirib. Hücum nəticəsində iki azyaşlı həlak olub. İraq və Pakistan və zərbələrə görə İrana kəskin etirazlarını bildiriblər. İraq səfirini məsləhətləşmələr üçün geri çağırıb, həmçinin BMT TŞ-yə müraciət edib. Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Qeyd olunub ki, bu addım Pakistanın suverenliyinin açıq-aşkar pozulmasıdır. Vurğulanıb ki, vəziyyət kəskinləşərsə, bütün məsuliyyət tamamilə İranın üzərinə düşəcək. İslamabad Tehranın ərazisinə zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını deyib: "İranın ötən gecə hücumu səbəbsiz olub və BMT Nizamnaməsini pozub. Pakistan İranın bu hərəkətinə cavab vermək hüququnda israrlıdır. İranın hücumu heç bir şəkildə əsaslandırılmır. İki ölkə arasında planlaşdırılan bütün yüksəksəviyyəli danışıqları və ikitərəfli səfərləri ləğv etdiyimizi İrana bildirdik". İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani isə deyib ki, İran xalqının hüquqlarını pozan istənilən addıma qətiyyətlə cavab veriləcək. O qeyd edib ki, İran həm Qərbdən, həm də Şərqdən gələn təhdidlərə cavab verəcək: “Bu reaksiya sərt və həlledici olacaq. İran bütün ölkələrin, xüsusən də, qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə təxribat törədənlərlə mütləq mübarizə aparacağıq”. Bu arada Pakistanla sərhəddən İrana daxil olmaq istəyən terrorçularla toqquşma yaşanıb. Bildirilib ki, dünən silahlı qarşıdurma və şiddətli atışma zamanı Bəlucistan sərhədindən terror qruplaşmasının ölkə ərazisinə daxil olmasının qarşısı alınıb. Qarşıdurmada terror qruplaşmasının üzvlərindən biri öldürülüb, ikisi isə yaralanaraq qaçıb.
Politoloq Turab Rzayev "Sherg.az"a İranın çox riskli addım atdığını deyib. Onun sözlərinə görə, İranın zərbəsi və Pakistanın cavabı regionda vəziyyəti dəyişə bilər:
"Pakistan güclü nüvə dövlətidir. İran, ABŞ və Hindistanın güclü dəstəyinə baxmayaraq, Əfqanıstanda dövlət dəyişikliyi etməyi bacarmış bir ölkədir. Pakistanla İranın bu qədər açıq münaqişəyə girməsi kifayət qədər təhlükəlidir. İranın bu hərəkəti də qəribədir. Yaxın Şərqdə yaşananlar səbəbindən İran özü çətin vəziyyətdədir. İraq, Suriya, Yəmən və Livanda İranın proksi qüvvələrinə qarşı zərbələr endirilir. Belə durumda İran ona qarşı olanların əlinə əlavə bəhanə verməməliydi. Əlbəttə, baş verənlər əks effekt verəcək. Pakistan İrana qarşı mübarizədə Tehranın yanında olmayacaq, ABŞ-yə dəstək verəcək. Pakistanın reaksiyasından da göründü ki, İranın bu addımı onlarda hiddət doğurub. O baxımdan Pakistanın İranla bağlı mövqeyi dəyişə bilər".