Regionda Pakistan-İran müharibəsi tezlikdə baş verməyəcək -Proqnoz

İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib.
Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində “Ceyş ül-Ədl" ("Ədalət ordusu": İran mediası bu hərəkatı gözdan salmaq üçün onun adını "Ceyş ül-Zülm" (Zalımlar ordusu) kimi yazır - red.) qruplaşmasının iki qərargahı məhv edilib.
Hücumun hədəfi Pakistanın Bəlucistan əyalətinin Koh Sabz adlanan ərazisidir və burada “Ceyş ül-Ədl” qruplaşmasının ən böyük qərargahlarından biri yerləşir.
Eyni zamanda Pakistan da İran ərazisinə zərbələr endirib.
Bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirilən zərbələr nəticəsində 7 nəfər ölüb.
Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda "Partizanlara ölüm" ("Marg Bar Sarmachar") əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.

Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev bildirib ki, Ölkələrin bir-birinin ərazisinə antiterror əməliyyatları adı ilə zərbələr endirməsi və mülki şəxslərin həyatını itirməsi regionda gərginliyi artırır:
"Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginlik vaxtaşırı baş verir. İran və Pakistanın əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib. Pakistan və İran regionun  güclü dövlətləridir. Həm hərbi, həm siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Rəsmi Tehranın zəifləməsində maraqlı olan əsas ölkələr heç şübhəsiz, İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-dır. İranın zəifləməsini istəməyən ölkələr isə Çin, Hindistan, Rusiya, Britaniyadır".

Ekspert onu da qeyd edib ki, Pakistanın zəifləməsində maraqlı olan ölkə Hindistan olsa da, zəifləməsində maraqlı olmayan ölkələr İsrail, Çin, ABŞ, Səudiyyə Ərəbistanıdır:  
"Yəni, müxtəlif maraq qruplarının prosesdəki niyyətləri də çox fərqlidir. Hesab edirəm ki, regionda Pakistan-İran müharibəsi tezlikdə baş verməyəcək. Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir problemə çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, özlərinə fayda verirlər".