Rusiya Ukraynada müharibəni sürdürəcək -Şərh

Hərbi əməliyyatlar zamanı sivil insanların zərər görməsi təxribat da ola bilər

Bu hadisə Qərbin Ukraynaya yardımlarına, hərbi dəstəyinə ciddi təsir göstərəcək


  Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib. Raketlərdən bir neçəsi şəhərdəki bazara düşüb. Zərbələr nəticəsində 27 nəfərin öldüyü deyilir. Sivillərin zərər görməsi Qərbi hiddətləndirib. BMT Baş katibinin rəsmi nümayəndəsi bildirib ki, mülki əhaliyə və mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Onun sözlərinə görə, mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquqla qadağandır, qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Roma Papası Fransisk də Donetskin atəşə tutulmasını qətiyyətlə pisləyib və danışıqlara başlamağa çağırıb. Roma Papası Ukraynada konfliktin dalana dirəndiyini düşünür. Ukrayna Prezidenti Volodimir Zelenski isə Qərbdən giley-güzar edir. Onun sözlərinə görə, Qərb tərəfdaşlarının göstərdiyi hərbi və maliyyə yardımı Ukraynanın müharibədən sağ çıxması üçün həlledici olsa da, qələbə üçün kifayət etmədi: “Hər kəs gülür, qucaqlayır və deyir ki, sən dözümlüsən, güclüsən, azad dünyanın liderisən, demokratiyamızı xilas edirsən. Deyirdilər ki, nəyimiz varsa, hamısını sizə verməliyik. Daha sonra dayandılar. Nankor olmaq istəmirəm. Ukraynaya çox böyük kömək etdilər, bu kömək olmasaydı, ölkəmiz sağ qala bilməyəcəkdi. Fikrimcə, qələbə qazanmağımız üçün daha çox kömək edə bilərdilər”. 

  Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, hərbi əməliyyatlar zamanı sivil insanların zərər görməsi təxribat da ola bilər. Ekspert diqqətə çatdırıb ki, Rusiyanın əlində elə elektron cihazlar var ki, bu və yaxud digər hərbi obyektə göndərilən raketin yönünü dəyişdirməyə qadirdir: 

"Həmin cihazlar hansısa hərbi obyektə göndərilən raketin istiqamətini dəyişdirərək onu mülki şəxslərin olduğu bölgəyə yönləndirə bilər. Donetskdə bazar bu şəkildə vurula bilər. Amma ümumən, savaş zamanı bənzər hadisələr olur. Uzağa getməyək, İsrail-HƏMAS qarşıdurmasında HƏMAS-ı vurmaq adı ilə minlərlə sivil xalq ziyan görür. Dünya buna yüngül reaksiya verir və heç bir nəticəsi olmur. Yəni necə ki, İsrail Qəzzada hərbi əməliyyatlarını davam etdirir, Rusiya da Ukraynada müharibəni sürdürəcək. Düşünmürəm ki, bu hadisə Qərbin Ukraynaya yardımlarına, hərbi dəstəyinə ciddi təsir göstərəcək. Tərəflər arasında müharibə hələ davam edəcək".