Ermənistan artıq dərk edir ki, Bakı və Ankara ilə normallaşma vacib şərtdir
“Rəsmi İrəvan sülh sazişi imzalamaq, regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir”
Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanın öz demokratik "legitimliyini" və həyat qabiliyyətini təmin etmək üçün konstitusiya islahatına yox, büsbütün yeni konstitusiyaya ehtiyacı var. Paşinyan növbəti konstitusiyanın Ermənistanı "yeni geosiyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" etməli olduğunu bildirib: "Şübhə doğurmamaq üçün Ermənistan Respublikasında Ermənistan Respublikası xalqının səs verəcəyi konstitusiya olmalıdır. Bu həm də legitimlik üçün mühümdür". Baş nazir yeni konstitusiyanın hazırlanması və qəbulu üçün vaxt çərçivəsi təklif etməsə də, "şübhə doğurmasın" deyə, ictimaiyyət tərəfindən səsverməyə qoyulmalı olduğunu deyib. Əlavə edib ki, o, parlament idarəetmə sistemini dəstəkləyir və onu Ermənistan üçün "ən uyğun" hesab edir. Qeyd edək ki, onun açıqlaması Avropa İttifaqının nümayəndə heyətinin Ermənistanın konstitusiyasının yeniləməsi ilə bağlı məlumatlandırılmasından bir gün sonraya təsadüf edib. Ermənistan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyada iki dəfə dəyişiklik edilib. İkinci düzəlişdən sonra ölkə yarı-prezident idarəçiliyindən parlament idarə üsuluna keçib. 2021-ci ildə Paşinyan Konstitusiya İslahatları Şurası yaradıb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib. Onun sözlərinə görə, hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır:
"Müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir. Ermənistan hakimiyyəti haqlıdır. Çünki mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür. Bəyannamədə artıq mövcud olmayan qondarma “Dağlıq Qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “Miatsum” qərarına istinad olunur. 11-ci bəndində qeyd olunur ki, “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir. Bu amil Bakı ilə münasibətlərin qurulması prinsipinə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq, regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir".
Analitik diqqətə çatdırıb ki, qondarma “Artsax” ideyasının, eləcə də, qondarma “soyqırımı” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil:
"Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir".