Fransanın dirijorluğu: AŞPA-da Azərbaycana qarşı cəbhə açılıb

Ölkəmizə qarşı başladılan kampaniya günbəgün daha çirkin və qərəzli xarakter almaqdadır


  Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləmədi. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəkləndi və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərildi. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırıldı. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərildi. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərindən dəm vuran bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını ortaya qoydu. Onların məsələlərə mahiyyətinə görə və ya hüququn aliliyi nöqteyi-nəzərdən deyil, korporativ maraqlar çərçivəsindən yanaşdıqları bir daha bəlli oldu. Suverenliyini bərpa edən, separatizmə son qoyan rəsmi Bakı əldə etdiyi nəticələrə görə total hücumlara, təzyiqlərə məruz qaldı. Bir çoxları ermənidən artıq erməni olmağa çalışdılar. Qarabağdan könüllü çıxan ermənilərin, guya, zorakılığa məruz qaldıqlarını iddia etdilər. Fransanın dirijorluğu ilə başladılan kampaniya günbəgün daha çirkin və qərəzli xarakter almaqdadır. Digər Qərb mərkəzləri kimi, AŞ PA da Avropadakı siyasi konyukturaya uyğun davranmaq qərarına gəldi. Avropa Parlamentinin ardınca anti-Azərbaycan mövqe ortaya qoydu. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞ PA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞ PA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞ PA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Amma Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir. 

  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə "Sherg.az"a deyib ki, Avropa təsisatları Azərbaycanın uğurlarını həzm edə bilmir və ölkəmizə qarşı təzyiqlər edirlər. Deputatın sözlərinə görə, Azərbaycana qarşı kampaniyada əsas rolu Fransa oynayır: 
"Bu da həmin ölkədə güclü erməni lobbisinin olması ilə bağlıdır. Erməni lobbisi Fransanın siyasi mühitində və digər sahələrdə mövcud korrupsiya faktlarından istifadə edərək həmin dairələrin Azərbaycana cəbhə açmasına nail olurlar. Avropa İttifaqında, AŞ PA-da güclü təsirə malik olan Fransa Almaniya kimi digər ölkələri də ölkəmizə qarşı münasibət sərgiləməyə sövq edir. Anlaya bilmirlər ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Azərbaycan dövləti və xalqı qalibdir. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərqərar etmişik. Avropa institutları bizi haqq yolumuzdan döndərə, geri çəkilməyə məcbur edə bilməz. Şübhəm yoxdur ki, bu məsələdə də Azərbaycan qalib gələcək. Gözləyək, görək nə istəyirlər və nə qədər uzağa gedə bilərlər. Tələsmək lazım deyil". 

  Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da vurğulayıb ki, Azərbaycan daim ermənipərəst qüvvvələrin hədəfindədir. Onun fikrincə, Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) da mütəmadi olaraq erməni separatçılarının “vəkil”i rolunda çıxış edir: 
"Bu addım 44 günlük İkinci Qarabağ müharibəsindən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra AŞ PA-nın, Fransa Senatının, Avropa Parlamentinin Azərbaycan əleyhinə apardığı qərəzli kampaniyaya  qoşulmaq istəyindən xəbər verir. Başqa sözlə desək, ATƏT-in Minsk Qrupu kimi AŞ PA da tarixin arxivinə köçmək istəmədiyini, hələ ayaqda olduğunu sübut etməyə çalışır. Ona görə də Azərbaycana qarşı qərəzin dozası da bütün normaları aşır. Fransa və Almaniya həm Avropa Parlamentini, həm də Avropa Şurasının Parlament Assambleyasını Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevirir. Hazırda hər iki qurum Fransa-Almaniya “cütlüyü”nün iradəsindən asılı vəziyyətə düşüb. Almaniyadan və Fransadan olan avrodeputatlar  beynəlxalq hüquq və mənsub olduqları qurumların nizamnamə tələbləri əsasında yox, Berlinin və Yelisey Sarayının diktəsi altında işləyirlər. Onlar birbaşa Emmanuel Makronun və Olaf Şoltsun tövsiyə və tapşırıqlarını icra edirlər. 
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı irəli sürülən qərəzli təşəbbüsün müəllifi almaniyalı deputat Frank Şvabenin AŞ PA-dakı nümayəndə heyətimizi öhdəliklərini yerinə yetirməməkdə ittiham etməsi Parisdən və Berlindən gələn “sifariş”dir. AŞ PA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri Frank Şvabe bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı qərəzli çıxışları ilə fərqlənib. Belələrinə ədalətin bərqərar olması yox, siyasi sifarişlərin icrası vacibdir. Paris və Berlin məhz Frank Şvabe kimi fürsətçiləri öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı qısqırtmaqla Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etməyə çalışırlar". 

  Ə.Hüsenyov vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüququ təmin etməsi və erməni separatizminə son qoyması Fransanın və Almaniyanın  planlarını pozub: 
"Ölkəmizin tam müstəqil xarici siyasət yürütmək xəttini seçməsi də onları ciddi şəkildə narahat edir. Bir sözlə, Azərbaycan neoimperialist güclərin Cənubi Qafqazda nəzarəti ələ keçirmək planlarının qarşısında ciddi maneəyə çevrilib. Ona görə də bütün istiqamətlərdən Azərbaycanın üzərinə hücuma keçiblər. Bu hücumların Avropa Parlamenti, AŞ PA kimi beynəlxalq qurumların vasitəsilə həyata keçirilməsi də hiyləgər planın bir hissəsidir. Onlar bu yolla həm pərdələnməyə, həm də öz anti-Azərbaycan fəaliyyətlərinə legitimlik donu geyindirməyə çalışırlar. Lakin Azərbaycana qarşı əsassız iddialar, qərəzli ittihamların irəli sürülməsi və sanksiya çağırışları fiaskoya uğrayacaq. Fransanın həm BMT Təhlükəsizlik Şurası üzərindən, həm də Avroparlament vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək, ölkəmizi hədələmək təşəbbüsləri nəticəsiz qaldığı kimi, AŞ PA-nın Azərbaycana qarşı demarşı da Qərbin ənənəvi gözləntilərini doğrultmayacaq. Böyük Britaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü İan Liddel-Grangerin qurumda çıxışı zamanı söylədiyi kimi bu, səhv bir qərardır və heç bir müsbət vəziyyətə aparmayacaq. Təəssüf ki, Makron kimi dar düşüncəli liderlər hələ də anlaya bilmirlər ki, dünya artıq dəyişib və indi suveren ölkələrlə hədə dilində danışmaq olmaz".