"Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı mövqeyi yeni deyil. 2001-ci ildən Azərbaycan bu təşkilata üzv olub. Tarixə baxan zaman 2001-ci ildən 2020-ci ilə qədər həmin təşkilat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı heç bir mövqe sərgiləməyib. Əksinə olaraq Azərbaycan torpaqların işğalı mövzusunu gündəmə gətirən zaman bildirirdilər ki, AŞPA münaqişələrin müzakirə olunma platforması deyil. Müharibədən sonra isə faktiki olaraq AŞPA Ermənistanın maraqlarına uyğun mövqe göstərir".
Bu fikirləri "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib.
O qeyd edib ki, son proseslər tamamilə onların qeyd etdiyi kimi insan haqları və demokratiya ilə bağlı deyil:
"Bu açıq şəkildə Ermənistanın mövqeyinin müdafiə olunmasıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, məsələ indi gündəmə gətirilməyib. Ötən ilin payız sessiyasında da həmin məsələni qaldırmışdılar. AŞPA-nın yenidən bu cür mövqe nümayiş etdirməsi gözlənilən idi. Çünki burada onlar üçün sırf siyasi məqsədlər önəmlidir. Cənubi Qafqazda faktiki olaraq mübarizə gedir. Qərb bu bölgədə öz mövqeylərini gücləndirməyə çalışır. Ona görə də Azərbaycanı regionda problem kimi görürlər. Onların Azərbaycandan tələbi Ermənistanla sülh danışıqlarını Qərb platformasında aparmasıdır. Həmin platformanın sülh gündəliyi isə sırf Ermənistanın maraqlarına uyğundur. Azərbaycan da buna qarşı çıxır. Qərb tərəfi hətta ikitərəfli formatda danışıqları da qəbul etmir. Onların tələblərinə rəsmi Bakı məhəl qoymadığına görə bütün cəbhələrdən Azərbaycana qarşı belə hücümlara başlanılıb. AŞPA da bu cür cəbhələrdən biridir. Həmçinin, AŞPA tarix boyu erməni lobbisinin, antiazərbaycan şəbəkəsinin əsas platformasından biri olub. AŞPA-nın irəli sürdüyü iddialardan biri də Qarabağın erməni əhalisinin "qovulması" kimi çıxışın edilməsidir. Bunun özü belə deməyə əsas verir ki, AŞPA-nın son fəaliyyəti tam olaraq siyasi yönümlüdür".