Avropa ABŞ-sız Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
“Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür”, - Zelenski bildirib
Zelenskinin fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, ABŞ-nin hərbi yardımları dayandrıması Ukraynanın gələcək taleyinin böyük təhlükə altına atılması deməkdir:
"Bu məsələdə Volodimir Zelenski tamamilə haqlıdır. Çünki həqiqətən də Avropa Birliyi ABŞ-nin avanqard mövqeyi olmadan Ukraynaya hərbi dəstəyi davam etdirmək imkanında deyil. Çünki Avropa İttifaqının yetərli siyasi iradə və maliyyə resursları yoxdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ-nin hərbi köməyi kollektiv Qərbin və Avropa Birliyi ölkələrinin Ukraynanın dəstəklənməsi ideyası ətrafında əsas stimul verici faktorlarından biri idi. ABŞ kənarə çəkildikdən sonra Ukrayna savaşının maliyyələşdirilməsi prosesi bütövlükdə Avropa Birliyinin üzərinə düşdü. Bundan sonra həmin qrumun üzvləri sırasında müəyyən narazılıqların yarandığı açıq şəkildə müşahidə edilir. Bəzi Avropa Birliyi ölkələri Ukraynaya xərcin çəkilməsinin əleyhinədirlər. Onlar, hesab edirlər ki, bu yardımlar nəticə etibarilə Avropa məkanı ölkələrində maliyyə, iqtisadi və sosial böhrana yol açacaq. Ona görə də Avropa İttifaqı tərəfindən hərbi yardımların təkbaşına həyata keçirilməsinin mümkün olmadığını düşünürlər. Həqiqətən də hazırda bu məsələ ilə bağlı Avropa Birliyi ölkələrinin daxilində müəyyən ziddiyyətlər hökm sürür".
E.Xalidbəyli vurğulayıb ki, Ukrayna öz mövcudluğunun qorunması məsələsində ciddi problemlərlə üzləşib:
"Bu problemlərin öhdəsindən gəlmək isə zaman keçdikcə daha da çətinləşir. Böyük ehtimalla Qərbdə bəzi ölkələr Ukraynaya Rusiyaya güzəştə getmək şərtilə sülh üçün təzyiq edəcəklər. Əslində, həmin təzyiqlərin ilkin əlamətləri hazırda mövcuddur. Sadəcə olaraq təzyiqlər yaxın gələcəkdə daha intensiv hal ala bilər. Düşünürəm ki, bu təzyiqlərə Avropa Birliyi ölkələri də dəstək verə bilər. Digər tərəfdən Ukrayna xarici işlər naziri Dmitri Kulebanın dediyi kimi Ukraynada bəzi qüvvələr Rusiyaya qarşı uzunmüddətli partizan müharibələri variantına üz tuta bilər. Çünki Ukraynanın Qərb bölgələri bütövlükdə antirusiya əhval-ruhiyyəsinə malik əhali kontingentinə malikdir. İkinci Dünya savaşından sonra həmin bölgə uzun illər Sovet hökumətinə qarşı meşələrdə partizan müharibələri aparıblar".