Vüqar Bayramov: Prezident yeni dövr üçün yeni hədəfləri bəyan edib

2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir


  Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin bərpası sürətlə davam etdirilir. Vətən müharibəsindəki şanlı Zəfərimizdən keçən müddət ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur.
  Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur.
  Ölkə başçısı fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqi zamanı da bu məsələyə   xüsusi diqqət ayırıb.  Prezident bildirib ki, azad edilmiş bölgələrdə işlər planlı şəkildə həyata keçirilir və orada ən yüksək standartlar tətbiq edilib.  Ölkə başçısı həmçinin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən işlər barədə məlumat verərkən işğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələrinin icra olunduğunu bildirib. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir”. 
  
Millət vəkili Vüqar Bayramov isə “Sherg.az”a açıqlamasında deyib ki, ölkə Prezidenti çıxışında yeni dövr üçün yeni hədəfləri bəyan edib.  Deputatın sözlərinə görə, yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabətin yaxından müdafiəsi, monopoliyaya qarşı mübarizə və eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var:
“Qısa zamanda ilk olaraq azad edilmiş ərazilərdə infrastrukturun bərpasına başlanıldı və demək olar ki, böyük işlər görülüb. İnfrastrukturun bərpası ilə paralel olaraq yaşayış məntəqələrinin də yenidən qurulmasına və bərpasına başlanılıb. Görülən işlərin nəticəsində hazırda Zəngilan, Laçın və Füzuli rayonlarında bir qrup əhali öz ata-baba yurdlarında yaşayırlar. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işlərinə başlanıb”.               
  Bütün işlərə nəzarəti öz üzərinə götürən Azərbaycan Prezidenti bu yöndə yorulmadan çalışır, tez-tez işğaldan azad edilmiş ərazilərə səfər edir, aidiyyəti qurumlara özünün tapşırıq və göstərişlərini verir”.
 
 V.Bayramov həmçinin qeyd edib ki, işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir: 
“Ölkə başçısının da qeyd etdiyi kimi, yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlayıb.  “Böyük Qayıdış” proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu kontekstdən Qarabağ yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni drayverlərindən birinə çevriləcək. İlkin gözləntilər və proqnozlar təsdiq edir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faiz həcmində yeni dəyər yaradılacaq.
  Bu, praktik olaraq 10 milyard manata yaxın yeni dəyərin Qarabağ və Şərqi Zəngəzurda yaradılması anlamına gəlir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək.
  Yeni dövrdə sosial təminat tədbirlərinin gücləndirilməsi özünü əmək haqqı və pensiya artımlarında da göstərəcək. Azərbaycan Prezidenti son 20 ildə iqtisadi və sosial göstəricilərdəki artımları qeyd etməklə yanaşı bu sahədə işlərin daha da genişləndiriləcəyini bildirdi. Bu o deməkdir ki, yeni mərhələdə sosial təminat tədbirləri ünvanlığı ilə seçilməklə yanaşı, həssas qrupların daha yaxından müdafiəsinə imkan yaradacaq. Bütövlükdə, Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu, yeni inkişaf dövrü olacaq”.

  V.Bayramov onu da  diqqətə çatdırıb ki, artıq 2024-cü ildə daha 5 şəhərimizə qayıdış reallaşacaq:
 "Eyni zamanda 2025-ci ildə qayıdış prosesinin daha da genişlənməsi gözlənilir. Bu baxımdan qayıdış və məskunlaşma prosesinə uyğun olaraq iş adamlarının daha aktiv şəkildə Qarabağ və Şərqi Zəngəzura investisiya qoyuluşunu həyata keçirməli, iqtisadiyyatın sürətli formalaşmasına dəstək vermələri çox önəmlidir. Artıq xeyli sayda Qarabağda sərmayə qoyuluşu ilə bağlı müraciət edən şirkətlər var. Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışır. Bu istiqamətdə proses intensiv şəkildə aparılacaq və biz qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasını müşahidə edəcəyik”.