Ukrayna ordusu Avdeevka rayonunun cənubundakı “Zenit” istehkam sahəsindən geri çəkilib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri general Aleksandr Tarnavski bildirib.
Tarnavski Ukrayna Silahlı Qüvvələrinin Avdeevkanın cənubundakı “Zenit” istehkam sahəsindən geri çəkildiyini rəsmən təsdiqləyib.
“Son aylar ərzində gərgin qarşıdurmadan sonra Ukrayna ordusu komandanlığı “Zenit” mövqeyindən Avdeevkanın cənub-şərq hissəsinə çəkilmək qərarına gəldi. Geri çəkilmək qərarı şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq üçün qəbul edilib”, - general bildirib.
Onun sözlərinə görə, ukraynalıların geri çəkildiyi mövqeləri tutmaq, taktiki olaraq Rusiya Silahlı Qüvvələrinə strateji üstünlük vermir və bu istiqamətdə vəziyyəti dəyişmir:
“Hazırda qoşunların yenidən qruplaşdırılması, təchizatın artırılması və bölmələrin yeni mövqelərə yerləşdirilməsi işləri aparılır. Bölmələr planlı şəkildə gücləndirilir”, - deyə Tarmavski əlavə edib.