Dünən Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli görüşü baş tutub.evralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşünün ardından Almaniya Kansleri Olaf Şolts otağı tərk edib. Görüş ikitərfli formatda davam edib.
Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Münhen konfransı kimi əhəmiyyətli beynəlxalq tədbir çərçivəsində keçirilən görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutub.
Lakin Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır.
Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb.
İki tərəfli görüşü şərh edən siyasi şərhçi Azər Həsrət isə "Sherg.az"a açıqlamasında deyib ki, Münxendəki prosesləri və görüşdə müzakirə edilən məsələləri yaxından izləyirəm:
"Görüşün təşəbbüskarı Almaniya Kansleri olduğundan O. Şolts tərəflərlə əvvəlcə cənab prezident İlham Əliyev və Nikol Paşinyanla tək-tək görüşüb, daha sonra isə müzakirələr üçlü formatda davam edib. Müzakirə zamanı da artıq qərar verilib ki, vasitəçiyə ehtiyac yoxdur və məsələ Azərbaycanla Ermənistan arasında həll olunmalıdır. Bunun özü kifayət qədər müsbət bir irəliləyişdir. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, münaqişə artıq bitib və bizim vasitəçilərə ehtiyacımız yoxdu. Azərbaycan və Ermənistan rəhbərliyi bir masa arxasına oturub qərar verə bilər. Uzağa getməyək, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac olmadığını qətiyyətlə vurğulamışdı. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib. Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır".
İlham Əliyevin ötən gün ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünə diqqət çəkən siyasi şərhçi həmin görüşdə ölkə başçısının çox mühüm bir məsələyə toxunduğunu xatırladıb:
"Prezident haqlı olaraq vurğuladı ki, Qarabağ problemi kökündən həll edildiyinə görə ATƏT-in Minsk qrupu formatına və ATƏT sədrinin xüsusi nümayəndəsinin fəaliyyətinə
ehtiyac yoxdur. Yəni cənab Prezident Azərbaycan və Ermənistan arasındakı danışıqlarda hər hansı bir üçüncü tərəfə gərək qalmadığını Münxen Təhlükəsizlik Konsfransı çərçivəsində dünyaya göstərmiş oldu".