Regiondakı geosiyasi reallıq: Azərbaycan məqsədlərinə çata bildi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
Görüş Fevralın 17-də Münxendə baş tutub. 
İkitərəfli danışıqlarda  iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Eksperlərin  fikrincə, bu görüş gələcək sülh müqaviləsinin imzalanması baxımından mühüm görüşdür.

Politoloq İlyas Hüseynov da  "Sherg.az" a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Münxenə səfəri bir sıra məqamlar nöqteyi nəzərindən diqqət çəkir:
 "Səfər çərçivəsində bir neçə ölkə liderləri, beynəlxalq səviyyəli şirkət rəhbərləri ilə görüş keçirən ölkə başçımızın Paşinyanla görüşü xüsusi diqqət çəkir. Bilirsiniz ki, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrılıqda  görüşüb. Daha sonra, üçlü formatda davam edən görüşün ardından Almaniya Kansleri Olaf Şolts otağı tərk edib. Görüş ikitərfli formatda davam edib.
Münhen konfransı kimi əhəmiyyətli beynəlxalq tədbir çərçivəsində keçirilən görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutsa da, Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır. 
Azərbaycan tərəfi olaraq hər zaman  dövlətlərarası münasibətlərin ikitərəfli müstəvidə qurulmasının tərəfdarı olmuşuq. Bunu da dövlət başçısı dəfələrlə ölkə daxilindəki çıxışlarında və beynəlxalq kürsülərdə bəyan edib. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Artıq bu müzakirələri sülh danışıqları istiqamətində əldə olunan bir nəticə adlandıra bilərik. İkitərəfli münasibətlərdı inkişaf  dinamikası özünü göstərməkdədir. 
Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi  Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib". 

Politoloqun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik mühitinin gücləndirilməsi ilə bağlı təşəbbüslər görülüb: 
"Ümid edək ki, qarşıdakı dönəmdə Ermənistan  tərəfi konstruktiv mövqe nümayiş etdirərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Həmçinin sülh müqaviləsinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiyası ilə bağlı müvafiq Komissiyanın növbəti iclası da keçiriləcəkdir. 
Əsas odur ki, Azərbaycan qarşıya qoyduğu məqsədlərinə çata bildi və məsələnin ikitərəfli müstəvidə müzakirəsi istiqamətində real addımlar atıldı. Bundan sonrakı mərhələdə isə ortadakı ziddiyyətlərin və fikir ayrılıqlarının aradan qaldırılması üçün birbaşa görüşlərin baş tutacağı istisna deyil. Bilirsiniz ki, Azərbaycanın  vacib tələblərdən biri Ermənistan Konstitutsiyasına dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Qarşıdakı dönəmlərdə buna da nail olacağımızı istisna etmirəm. Regiondakı geosiyasi reallıqlar da bunu tələb edir".