Tədbirdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, millət vəkilləri, tarixçi-alimlər iştirak ediblər
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirib.
Tədbirdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, millət vəkilləri, tarixçi-alimlər və media nümayəndələri iştirak ediblər. Tədbirin moderatoru "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı olub.
TÜRKPA-nın baş katibi Mehmet Sürreya Er Nuru Paşanın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıb. O bildirib ki, Bakının azad edilməsi mürəkkəb tarixi-siyasi dövrə təsadüf edib: "Nuru paşanın və Qafqaz İslam Ordusu Azərbaycan dövlətçilik tarixində çox mühüm rol oynayıb. Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci il tarixində Bakını bolşevik və erməni çətələridən təmizləyərək qəhrəmanlıq dastanı yazdı. Nuru paşa və Qafqaz İslam Ordusu Azərbaycan xalqının qəlbində əbədiyyən yer edib. Onların qəhrəmanlığı Azərbaycan-Türkiyə qardaşlığının bir parlaq nümunəsini kimi tariximizə qızıl hərflərlə həkk olunub. Nuru paşanın qəhrəmanlıqları iki millətin ortaq tarihində şərəfli qardaşlıq səhifəsinə çevrildi. Onun qurduğu silah fabrikləri Türkiyə Cümhuriyyətində müdafiə sənayesinin əsasını təşkil edib. O baxımdan belə şəxslərin fəaliyyətinin gələcək nəsillərə çatdırılması çox önəmlidir. Nuru Paşa Türkiyə və Azərbaycan üçün bu gün də böyük igidlik nümunəsi, əsl qəhrəmanlıq mücəssəməsi hesab edilir. Nuru Paşa kimi sərkərdələrin adının yaşadılması, Vətən uğrunda verilmiş qurbanların, göstərilmiş qəhrəmanlıqların daim xatırlanması Türk dünyasının gələcəyi baxımından mühüm rol oynayır". Baş katib Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm bağlara sahib olmasını vurğulayıb: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsinin əsasını qoyub. Bu gün inanırıq ki, Nuru Paşanın, Qafqaz İslam Ordusu şəhidlərinin, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır. Xalqımız onları unutmayacaq, əbədiyyən xatırlayacaq".
Baş redaktor Akif Aşırlı vurğulayıb ki, Nuru Paşa tarixə adını Birinci Dünya müharibəsindən sonra həm qalib zabit, həm də xalqımızın qəlbini fəth edən sərkərdə kimi yazdırıb. A.Aşırlının sözlərinə görə, Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Onun sözlərinə görə, Nuru Paşanın rəhbərliyi ilə Bakının işğaldan azad edilməsindən sonra hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi: "Nuru paşa Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi sanki, "göydən yerə enmiş bir mələk kimi gəldi". Nuru paşa Azərbaycana Mosul, Təbriz və Zəngəzur üzərindən gəlir, son dayanacağı Yevlax olur. O, azərbaycanlılar qarşısında çıxış etdi və söylədi ki, "əziz qardaşlarım, daha sizə silah lazım olmayacaq. Artıq sizin əmniyətiniz, təhlükəsizliyiniz əmin əllərdədir. Onu biz qoruyacağıq".
Sonra Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçunun Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümü ilə bağlı mesajı oxunub: "Nuru paşa Ənvər paşanın qardaşı, Halil Qut paşanın qardaşı oğludur. O, Vətən və millət mücadiləsi ilə tariximizə adını qızıl hərflərlə yazdırıb. Həmçinin, Türkiyə müdafiə sənayesinin də qurucusudur. Can Azərbaycanın istiqlalı üçün Türkiyə hər zaman qardaşlarının əlindən tutub. Bugün də qardaşlıq və münasibətlər istənilən sahədə davam etdirilir. Dünya var olduqca əlaqələrimiz var olacaq".
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Mesten Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gəlməsini və qardaşlarına kömək etməsini iki ölkə arasındakı qardaşlığın ən böyük əlamətlərindən biri olduğunu izah edib. Onun sözlərinə görə, Osmanlı Birinci Dünya müharibəsində bütün cəbhələrdə məğlubiyyətlərlə üzləşsə də, öz əsgərlərini Azərbaycana göndərib: "Bu ordunun sayəsində Azərbaycan tam müstəqilliyini əldə etdi. 1918-ci il sentyabrın 15-də Bakı işğaldan və zülmdən azad oldu. Bizim borcumuz bir əsr əvvəl əcdadlarımızın qoyub getdiyi mirası qorumaqdır". Nuri paşanın müdafiə sənayesindəki fəaliyyətindən bəhs edən Mesten Nuri paşanın Cümhuriyyət tarixində ilk silah istehsalçılarından olduğunu deyib. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə xalqının və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırladan Mesten Azərbaycan və Türkiyə qardaşlığının çox möhkəm olduğunu bildirib: "Qarşıda hələ çox uzun yol var. Bizi daha böyük vəzifələr gözləyir. Əlaqələrimizi daha da gücləndirməklə gələcək nəsillərə güclü miras qoymaq və hər sahədə dərinləşdirmək borcumuzdur".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı diqqətə çatdırıb ki, Nuru Paşanın qəlbi Türk dünyası ilə döyünüb, o, Türk dünyasının böyük təəssübkeşi olub. Bu gün Nuru Paşanın və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin ruhu şaddır: "Qafqaz İslam Ordusunun Bakıdakı qələbəsi İstanbulu və Bakını nəzarətdə saxlamaq istəyən qüvvələri məyus etdi". Azərbaycanın bir çox bölgəsində türk şəhid məzarlıqlarının olduğunu bildirən Bağcı "Osmanlı əsgərləri körfəzdə yatan əmanətimiz və mirasımızdır" deyib: "Bu irsi və etibarı, birliyimizi qoruyub saxlamaq bizim qardaşlıq borcumuzdur".
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü, MHP sədrinin müavini, millət vəkili Kılıç çıxışında Nuri Paşanın ölümündən 75 il keçməsinə baxmayaraq, Azərbaycan türkləri tərəfindən hörmət və minnətlə anılmasından məmnun olduqlarını bildirib: "Biz boş yerə "bir millət iki dövlətik” demirik”. Killigil soyadını alan Nuri paşa Qazi Mustafa Kamal Atatürk və silahdaşlarının qurduğu Türkiyə Cümhuriyyətində ölkəsi və türk dünyası üçün yorulmadan çalışmağa davam etdi. O, daim türk dünyasının birliyindən, birlik olaraq çox daha güclü olacağından, bir gün bu arzunun mütləq reallaşacağından danışırdı".
Tədbirin davamında çıxış edənlər Nuru paşanın Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna hər vasitə ilə çalışdığını və bunun üçün onun həm siyasi-diplomatik, həm də silahlı mübarizə yoluna əl atdığını bildiriblər. Çıxışçılar 44 günlük Vətən müharibəsinin iki ölkənin möhkəm qardaşlıq bağlarını bütün dünyaya bir daha nümayiş etdirdiyini məmnunluqla vurğulayıblar. Tədbirdə Nuru paşa haqqında sənədli film də nümayiş etdirilib.