Ukrayna müharibəsindən sonra Kreml İrəvanla məşğul olacaq
Ermənistan Zvartnots Hava Limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiyaya rəsmi məktub göndərib. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O bildirib ki, hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir. Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə deyib ki, İrəvanın “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı Ermənistan tərəfindən qərar verilməyib. Onun sözlərinə görə, rəsmi kanallarla Rusiyaya bu barədə məlumat daxil olmayıb: “Anladığımız qədərilə, bu məsələ ilə bağlı hansısa qərar verilməyib və bu qərarları rəsmi kanallarla bizə heç kəs bildirməyib”. Münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov deyib ki, Moskva Ermənistanın davranışlarından, hərəkətlərindən hiddətlənir. Üstəlik, bu yaxınlarda Paşinyanın C.Borrellə məktubu ilə bağlı sənəd “sızdırılıb” və o, NATO ölkələrindən birbaşa maddi-texniki və hərbi dəstək istəyir: "Ermənistan əsl üzünü göstərdi. Əslində, keçmiş müttəfiqimizin bizə xəyanət etdiyini görürük. Bunun fonunda İrəvana səfərləri necə etmək olar? Hər gün Ermənistan mətbuatında Rusiya XİN-in, Zaxarovanın, Lavrovun hərəkətləri ilə bağlı tənqidlər görürük. Ermənilər əslində bizim üzümüzə tüpürürlər. Sözün əsl mənasında bu yaxınlarda bildirdim ki, Ermənistandansa, Azərbaycana silah satmaq bizim üçün daha yaxşıdır. Bu da düzgündür, çünki Ermənistan artıq Rusiyanın ziyanına hərəkət edir. Təbii ki, bütün bunlardan sonra Azərbaycanla münasibətləri yaxşılaşdıracağıq. Münasibətlər hələ öz zirvəsinə çatmayıb və hər şey yalnız inkişaf edir”.
Rusiyalı politoloq Dmitri Babiç də deyib ki, AB-yə üzvlüklə Rusiya ilə normal münasibətlər, xüsusən də KTMT-yə üzvlük bir araya sığmır: "Rusiya hələ bir müddət Ermənistanla sazişlərimizə sadiq qalacaq. Lakin İrəvan ciddi şəkildə Avropa Birliyinə daxil olarsa, o zaman anti-Rusiya sanksiyalarına qoşulmalı, Rusiya üçün viza rejimi tətbiq etməli olacaq. Bu isə daha böyük yadlaşmaya və Rusiyanın Ermənistan rəhbərliyinə tənqidi münasibətinə gətirib çıxaracaq".
Politoloq Abutalıb Səmədov "Sherg.az"a bildirib ki, Ermənistan Rusiyadan istədiyini ala, 1990-cı illərin əvvəllərində olduğu kimi rus ordusunu Azərbaycana qarşı döyüşməyə məcbur edə bilmədi. Ona görə də indi üzünü Qərbə tutub. Ancaq reallıq bundan ibarətdir ki, Rusiyadan üzülüşmək o qədər də asan deyil:
"Birincisi, iki ölkə iqtisadi cəhətdən çox bağlıdır. Ermənistanın xarici ticarət dövriyyəsinin 35 faizdən artığı Rusiyanın payına düşür. Üstəlik, burada ucuz qaz məsələsi var. Rusiyada işləyən erməni orta hesabla hər il 4 milyard dollar pulu Ermənistana göndərir. Ermənistan hakimiyyəti mütləq bunları nəzərə almalı idi. Ancaq hələ ki, nəzərə almayıb. Rusiya əlində olan rıçaqları işə salmır, çünki başı Ukraynaya qarışıb. Belə demək mümkünsə, Ermənistana vaxt verib ki, bəlkə özü başa düşdü. Ermənistan hakimiyyəti artıq körpüləri yandırıb. Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlı 49 illik müqavilə var. Bunu vaxtından əvvəl ləğv etmək mümkünsüzdür. Başqa məsələ Ermənistandakı rus sərhədçilərlə bağlıdır. Ermənistan Zvartnots Hava Limanından rus sərhədçilərini çıxartmaq istəyir, ancaq bu da onlar arasındakı müqaviləyə ziddir".
Analitikin fikrincə, Rusiya Ukrayna müharibəsində sabitləşməni gözləyir:
"Müharibə ilin sonlarına qədər çəkə bilər. Ukraynanın son əks-hücum cəhdi ciddi effekt verməyəcək. Ermənistanla məşğul olmaq zamanı gələcək və Ukrayna müharibəsi göstərdi ki, iri dövlətlərin kiçik ölkələrin ərazisini işğal etməsinə mane olan beynəlxalq mexanizm yoxdur".