Ceyhun Bayramovla Mirzoyan yeni görüşün tarixini müəyyənləşdirir
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən danışıb. Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib ki, Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdirirlər. Erməni nazir əlavə edib ki, ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün bu prosesi davam etdiririk. XİN rəhbəri “tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəziləri üzrə Azərbaycanla razılıq əldə edildiyini” diqqətə çatdırıb. Mirzoyan iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və regional kommunikasiya xətləri ilə bağlı iki önəmli məsələdə tərəflərin yanaşmasının fərqli olduğunu vurğulayıb. Erməni nazir Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi danışıqlara da toxunub. O, Ceyhun Bayramovla yeni görüşün tarixinin hələlik müəyyən olmadığını diqqətə çatdırıb. Mirzoyan Ceyhun Bayramovla davamlı təmasda olduğunu bildirib və ən yaxın zamanda yeni görüşün tarixinin müəyyən olunacağına ümidini ifadə edib: "Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarında maraqlıdır:
"Sərhədlərin delimitasiyası və demarkasiyasında Ermənistan tərəfinin irəli sürdüyü şərtləri danışıqlar yolu ilə həll etməyə çalışır. Amma Ermənistan Cermux istiqamətində Azərbaycana qarşı əlavə iddialar irəli sürür və 31 kəndin nəzarətdə olduğunu vurğulayır. Buna baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı aşağı səviyyədədir.
Azərbaycan və Ermənistan arasında bu il ərzində nə sülh müqaviləsi, nə də hərbi əməliyyatlar olması gözlənilir. Azərbaycan müharibədə maraqlı deyil. Baxmayaraq ki, bəzi dövlətlər Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlar keçirməsini istəyir. Məqsəd Azərbaycana qarşı sanksiyalar və koalisiya formalaşdıraraq Ermənistanın regionda öz dominantlığını artırması hədəflənir. Ermənistan tərəfi daha çox təxribatlara meyillidir. Lakin erməni ordusu döyüş qabiliyyətində deyil. Yəqin ki, şərti sərhəddə hər iki tərəf eskalasiyadan yayınacaq".