"Ermənistan sürətli silahlanma prosesində birdən çox ölkə ilə əməkdaşlıq edir"
"Sherg.az"ın xəbərinə görə, bunu politoloq Turan Rzayev deyib.
Ekspertvbildirib ki, prosesin sistematik və vahid mərkəzdən idarə edildiyi də istisna deyil:
"Yunanıstan müdafiə naziri N.Dendias Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra İrəvana gəlib. Bundan başqa, səfərin Ermənistan baş naziri Nikol Paşinyanın Fransa və Yunanıstana gedişindən sonra baş tutması diqqət çəkir. Yunanıstanın Ermənistanı silahlandırılmasının arxasında duran əsas faktor Fransadır. Məsələ ondadır ki, Paris Ermənsitanı silahlandırma prosesinə Yunanıstanı cəlb edərək diqqəti öz üzərindən yayındırmağa çalışır. Misal üçün Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib. Bunlardan ən diqqət çəkəni isə heç şübhəsiz Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacağını bildirməsidir. Bu detal, əslində, Fransanın Cənubi Qafqazla bağlı planı haqda müəyyən fikir irəli sürməyə əsas verir. Paris bu günə qədər Ermənistanı birbaşa özü silahlandırırdısa artıq bunu Yunanıstan və Yunan Kipri üzərindən etmək istəyir. Bu addım həm də Bakı ilə mövcud iqtisadi maraqların qorunmasına hesablanıb".
Analitik diqqət yönəldir ki, Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir:
"Paris bundan məhrum olmaq istəmir. Lakin regionda gərginlik yaradıb Bakının zəifləməsində də maraqlıdır. Buna görə də özü ikinci plana keçərək prosesi Yunanıstan, Yunan Kipri və Ermənistan hərbi ittifaqı kontekstində pərdələməyə çalışır. Fransa paralel olaraq Ermənistanın silahlanmasına xarici aktorları cəlb edərək Azərbaycanı mühasirəyə almağa çalışır. Misal üçün İranla Hindistanın da Ermənistanı silahlandırması və Parisin həmin ölkələrlə təmasda olması bunu deməyə əsas verir. Bu həm də məsələnin psixoloji tərəfidir və Paris Bakının prinsipial mövqeyini psixoloji olaraq qırmaq istəyir".
T.Rzayev vurğulayıb ki, Fransa Ermənsitanın silahlandırılması prosesi kontekstində həm də Azərbaycanın iqtisadi gücünü bölməyi düşünür:
"Hindistan Azərbaycan neftinin, Yunanıstan isə Azərbaycan qazının əsas alıcılarındandır. Bundan başqa isə Ermənistana göndərilən silahlar əsasən Gürcüstan üzərindən ötürülür. Gürcüstan isə Azərbaycanın Avropaya nəql etdiyi nef və qazın ötürüldüyü əsas ölkədir. Parisin əsas həmləsi Ermənistanın silahlanmasına Yunanıstan, Hindistan, Gürcüstanı cəlb edib, bunu bacardığı şəkildə qabardaraq Bakının sözügedən ölkələrlə münasibətlərini pisləşdirmək, növbəti mərhələdə isə iqtisadi sazişləri pozmaqdır. Aydındır ki, bütün prosesləri rəsmi Bakı görür və hərtərəfli qiymətləndirir. Azərbaycan xarici siyasətini milli və iqtisadi maraqlar üzərindən formalaşdırıb. Yəni Bakı iqtisadi maraqlarını təhlükəyə atacaq radikal addımlar atmır. Bununla belə, Ermənistanın silahlandırılması ciddi təhdid elementi deyil. Azərbaycan İsrail, Türkiyə, Pakistan, Çin kimi ölkələrlə hərbi sahədə əməkdaşlıq edir. Bu əməkdaşlıq xaricdən ehtimal hücumların qarşısını alacaq həcmdədir. Nəticə etibarilə Ermənistan hər nə qədər silahlansa da, bu silahları istifadə edəcək canlı qüvvəsi yoxdur".