İran hökuməti geri addım atmağa məcbur olacaq
Urmu gölünün bərpası Azərbaycan türklərinin mövqeyini daha da güclü bir hala gətirəcək
Yaponiya Urmiya gölü və Ənzəli bataqlığını bərpa etməyə hazırdır. Bunu Yaponiyanın İrandakı səfiri Tesukada Tamaki deyib. O, bu məsələni Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Əli Səlaciqə ilə müzakirə etdiyini bildirib: “Artıq ekologiya və su məsələsi bir ölkənin daxili problemi deyil”. Qeyd edək ki, Yaponiya hökuməti bir neçə il əvvəl də Urmiya gölünün bərpasını öz üzərinə götürməyi təklif etsə də, İran tərəfi buna müsbət cavab verməyib. Bununla yanaşı, Tokionun gölün bərpası layihəsi üçün maliyyə yardımı da təyinatı üzrə xərclənməyib.
AMEA əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, Yaponiyanın ikinci dəfə gölün bərpa edilməsi ilə bağlı İran hökumətinə müraciət etməsi təsadüfi deyil. Ekspertin fikrincə, Yaponiya hökuməti Tehranın Urmiya gölünün bərpası məsələsində nə qədər səmimi olub-olmamasına aydınlıq gətirməyə çalışır:
"İran adlanan ölkə öz taleyini özü müəyyənləşdirəcək. Əgər Urmiya gölünün bərpası mümkündürsə, niyə İran hökuməti israrla Yaponiyanın təkliflərinə rədd cavab verir? Əgər rədd cavab verirsə, deməli, burada başqa amillər var. Əsas amil İran rejiminin Güney azərbaycanlılarına, Azərbaycan türklərinə olan qərəzinin nümayiş etdirilməsidir. Təbii ki, başqa pərdəarxası məsələlər də var. Yəqin ki, İran hökuməti uzun müddət niyyətini gizlədə bilməyəcək. İran Urmiya gölünü və Ənzəli bataqlığını qurutmaqla demək olar ki, bölgənin insanlarına olduqca böyük zərbə vurdu və böyük köçlərə səbəb olur. Yəni Güney Azərbaycan türklərinin haqlı davalarını çox iyrənc üsullarla həll etməyə çalışır. Urmu gölünün bərpası Azərbaycan türklərinin mövqeyini daha da güclü bir hala gətirəcək. Urmiya gölü bizim milli davamızın bir hissəsidir. Çünki burada sadəcə bir gölün qurudulmasından söhbət getmir, bir xalqa qarşı soyqırımı tətbiq etməkdən söhbət gedir. Türk əhalisinin buradan zorla, məcburi şəkildə sürətlə uzaqlaşdırılması soyqırımın yeni nümunəsidir".
F.Ələkbərli vurğulayıb ki, bu məsələdə Azərbaycan və Türkiyə də öz mövqeyini ortaya qoymalıdır:
"Yəni Yaponiyanın həmrəyliyi təqdirəlayiqdir. Ancaq Azərbaycan, Türkiyə, Pakistan, o cümlədən digər türk ölkələri də bu məsələdə qəti mövqe sərgiləməlidir. Əgər bunu edərsək, İran hökuməti geri addım atmağa məcbur olar. Ümid edirik ki, elə belə də olacaq".