İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Bu il də 20 min keçmiş məcburi köçkünün işğaldan azad olunmuş yerlərə qaytarılması nəzərdə tutulub
Azərbaycan öz torpaqlarını azad etməklə irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən tarixi inkişafın yeni mərhələsinə qədəm qoydu. 2030-cu ilədək Azərbaycanın beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"dır. Bu prioritet məsələlərlə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən indiyə qədər təxminən 11 milyard manat vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində məhz 4 milyard manat vəsaitin də Qarabağa xərclənməsi nəzərdə tutulub. Bu da işğaldan azad olunmuş ərazilərdən məcburi köçmüş insanların geri qayıdışı ilə bağlı problemlərin həllində maliyyə mənbəyi kimi çıxış edəcək. 2022-2026-cı illər ərzində “Böyük Qayıdış”ın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Nəzərdə tutulan Dövlət Proqramının həyata keçiriləcəyi təqdirdə 2022-2026-cı illərdə 34 min ailənin, təxminən 140 min insanın Qarabağa qayıdışı təmin edilmiş olacaq. Qeyd edək ki, təkcə 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Artıq Ağalı, Talış kəndlərində, Füzuli şəhərində, Zabuxda, Laçında həyat bərpa olunub. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə də keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarının, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa ediləcəyinin, eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarının xoş müjdəsini verib.
Baş nazir Əli Əsədov da dünən Milli Məclisdə illik hesabatı təqdim edərkən hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar sırasında "Böyük Qayıdış"ın önəmli olduğunu vurğulayıb. Baş nazir bildirib ki, hökumətin qarşısında duran prioritetlərdən biri "Böyük Qayıdış" proqramının icrası, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Qeyd olunub ki, "Böyük Qayıdış"a dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 min 500 ailənin doğma torpaqlarına qayıdışı təmin olunmalıdır. Vurğulanıb ki, məhz Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib. Baş nazir deyib ki, "Böyük Qayıdış"a dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur: “2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat, ayrılıb, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat vəsait ayrılıb. 2024-cü ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur”.
Məlumat üçün bildirək ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (təxminən 20 min nəfərin) köçürülməsi planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir. Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir. İki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir. İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib. Bununla yanaşı, 2024-cü ildə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib. İndiyədək 123 mindən artıq hektar təmizlənib və 114 min 730 mina və partlamamış hərbi sursat aşkar edilib.
Qeyd edək ki, Füzuli şəhərinə daha 35 ailə köçürülüb. Bununla da, Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən 35 ailədən 22-si Bakı şəhərindən, 5-i Sumqayıt şəhərindən, 4-ü Füzuli rayonundan, 2-si Beyləqan rayonundandır. İmişli və Abşeron rayonlarının hər birindən isə bir ailə köçürülüb. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Millət vəkili Zahid Oruc deyib ki, hökumətin "Böyük Qayıdış" siyasəti işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur. Onun sözlərinə görə, yaponlar və almanlar da oxşar yolla gediblər: "Lakin təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu müsbət addımdır. Eyni zamanda emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar. Martın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, hökumətin qarşısında duran əsas vəzifə 2022-2026-cı illərdə "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın uğurla icra edilməsidir. Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yollar, sosial infrastruktur, yaşayış məntəqələri sürətlə yenidən qurulur:
"2023-cü ilin sonuna qədər 5 yaşayış məntəqəsi yenidən qurularaq 4600-dən çox keçmiş məcburi köçkün öz ata yurdlarına qaytarılıb. Bu il də 20 min keçmiş məcburi köçkünün işğaldan azad olunmuş yerlərə qaytarılması nəzərdə tutulub. 2026-cı ilin sonuna qədər isə 100 yaşayış məntəqəsi yenidən qurularaq 140 mindən çox keçmiş məcburi köçkün yenidən tikilmiş şəhər və kəndlərə qayıdaraq dövlət tərəfindən yaradılmış müasir şəraitli evlərdə öz həyatlarına davam etdirəcək. Ümumiyyətlə, dövlət büdcəsi xərclərinin əsas hissəsi təhlükəsizlik məsələlərinə və işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına yönəldilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin görülməsi həm də hər bir vətəndaşımızın ürəyindən keçir. Çünki biz 30 il o əraziləri düşmən işğalından azad etmək arzusu ilə yaşamışıq. Dövlət başçımızın rəhbərliyi altında xalqımız Qarabağı işğaldan azad etdiyi kimi qısa bir zaman kəsiyində də ermənilərin boz zonaya çevirdiyi yerləri yenidən quraraq həyata qaytarmağına nail olacaq. Bundan sonra yurdlarımız gül-çiçək qoxuyacaq. Bu baxımdan Milli Məclisdə keçirilən hökumətin hesabatı iclasında Baş nazir xüsusilə bu məsələni qeyd edərək dövlətimizin əsas prioriteti olduğunu qeyd etdi".