Sülh müqaviləsi imzaya hazırdır -PROQNOZ 

Bakı İrəvanın qətiyyətli davranacağına ümid bəsləyir


  Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinin delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi götürülməsi ilə bağlı konsensusa yaxındırlar. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, hazırda bu məsələdə iki ölkənin mövqeləri, məsələn, bir ay əvvəlkindən daha yaxındır: 
"Hazırda bu məsələdə (1991-ci ilin sərhədləri - red.) məsələn, bir ay əvvəllə müqayisədə daha çox qarşılıqlı anlaşma var. Məncə, biz bu məsələdə qarşılıqlı razılaşmaya çox yaxınıq". Nazir müxalifətin “Hayastan” fraksiyasının bəzi deputatlarının Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri ilə tanış olmasına niyə icazə verilməməsi ilə bağlı sualları da cavablandırıb. Xarici işlər naziri bu qərarı deputatların qəbuledilməz davranışı ilə izah edib. Əvvəllər onları nazirliyə dəvət ediblər, sənəd göstəriblər, öz gözləri ilə görüblər ki, orada heç bir “qiymətli” müddəa yoxdur, amma sonradan yenə də öz rəvayətlərini yaymağa davam ediblər. O, müxalifəti durumu şişirtməməyə çağırıb, bildirib ki, vəziyyət onsuz da ağırdır. XİN rəhbəri hesab edir ki, rəhbərlik və diplomatlar vəziyyəti “çəhrayı” rəngdə təqdim etməkdən uzaqdırlar. Lakin müxalifətin cəmiyyəti lüzumsuz stressə salan addımları qəbuledilməzdir. Qeyd edək ki, Ermənistan parlamentinin deputatı Qeqam Manukyan iddia edib ki, Baş nazir Nikol Paşinyan revanşist və radikal müxaliflərə sülh müqaviləsinin mətni ilə tanış olmalarını qadağan edib: “Nikol Paşinyan fevralın 7-də müxalif deputatların Azərbaycanla müzakirə olunan sazişin bəndləri ilə tanış olmalarına bir də imkan verməyəcəyini açıqlamışdı. (Bakıdan verilən) Növbəti təkliflərlə tanış olmaq üçün fevralın 23-də Xarici İşlər Nazirliyinə müraciət etmişdik. Bu gün nazirlikdən rəsmi məktub almışıq. Məktubda bunlar yazılıb: - “Danışıqlar prosesini pozmamaq, prosesə dolayı yolla mənfi təsirlər, o cümlədən sənədin özbaşına, yanlış ictimai şərhləri istisna etmək nəzərə alınaraq, hazırda tələb olunan məlumatın verilməsini məqsədəuyğun hesab etmirik”. Onu da vurğulayaq ki, Prezident İlham Əliyev də XI Qlobal Bakı Forumunda çıxışı zamanı Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxın olduğumuzu deyib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”. 
 
 Sülh sazişinin tezliklə imzalanması ilə bağlı ehtimalları "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Fuad Abbasov deyib ki, 2020-ci ildən bu yana Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyirik. Amma problem ondadır ki, İrəvan hökuməti bugünədək irəliyə doğru ciddi əməli addım atmayıb. Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti, xarici işlər naziri, digər rəsmilərimiz hər platformada sülhün imzalanmasının həm bölgəmiz, həm də dünya üçün önəmli olduğunu, əhəmiyyət kəsb etdiyini vurğulayırlar: 

"Rəsmi Bakı demək olar ki, hər gün İrəvanı sülhə səsləyir və bu istiqamətdə əsaslı addımlar atır. Ara-sıra Ermənistandan sadəcə sözdə sülh açıqlamaları gəlir. Paralel olaraq Fransadan, Rusiyadan, Hindistandan hərbi texnikalar gətizdirir, ordunu gücləndirmək üçün maliyyə yardımı alırlar. Əlbəttə, bunların heç biri sülhə xidmət etmir. İrəvan nəhayət anlamalıdır ki, proses uzandıqca uduzan və itirən tərəf Ermənistan olacaq. Paşinyan hökuməti ilk növbədə konstitusiyada nəzərdə tutulan dəyişiklikləri etməli, Azərbaycan və Türkiyəyə qarşı iddiaları aradan qaldırmalıdır. Mövcud Ermənistan konstitusiyasına görə, Azərbaycanla sülhə imza atan baş nazir cinayət məsuliyyətinə cəlb olunmalıdır. Paşinyanın sülh yolunda atacağı ilk addım ölkədə referendum keçirtməkdir. Təəssüf ki, bu yöndə də hansısa fəaliyyət görmürük. Ən əsası odur ki, Azərbaycanda keçirilən bütün mötəbər qlobal tədbirlərdən istifadə edərək dünyaya səslənirik ki, Bakı sülh sazişini imzalamağa hazırdır. Bütün dünya ictimaiyyətinə Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu göstəririk. Azərbaycan sülh istəyən tərəfdir və buna nail olmaq üçün üzərinə düşən hər öhdəliyi icra edir. Ermənistan isə sülhdən qaçan tərəfdir. Əgər sülhə yaxınlaşma xüsusi qeyd edilir və bölgədə sülh üçün əlverişli şərait formalaşıb deyirlərsə, sazişin qarşıdakı aylarda imzalanmamasında bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Hər halda ilin sonunadək sülh müqaviləsinin imzalanmasını gözləyirik və İrəvanın qətiyyətli davranacağına ümid bəsləyirik".