Son günlər dünyanın diqqəti Azərbaycana yönəlib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. Artıq beynəlxalq miqyasda tanınmış Bakı forumu gündəmə gətirdiyi məsələlərin əhatə dairəsi, əhəmiyyəti, qlobal miqyası, eləcə də müzakirə olunan mövzuların aktuallığı baxımından dünyanın düşünən beyinlərini bir araya gətirən nüfuzlu bir platformadır. Forum iştirakçıları ötən 2 gün ərzində dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunublar. Bundan başqa, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, təbii ehtiyatların azlığı və miqrasiya məsələləri, eləcə də süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparıblar.
"Azxəbər.com” saytının təsisçisi və baş redaktoru Hacıbəy Heydərlinin “Sherg.az”a açıqlamasında görə,11-ci Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir:
“Qlobal Bakı Forumu təmsilçilik səviyyəsinə və iştirakçılarının intellektual potensialına görə dünyanın aparıcı beynəlxalq konfranslarından biri olmaqla yanaşı, həm də bəşəriyyəti narahat edən ən müxtəlif problemlərin müzakirə olunduğu çoxşaxəli, unikal bir platformadır. İndiki mərhələdə bu cür yüksək səviyyəli Forumun Bakıda keçirilməsi kifayət qədər önəmli hadisədir. Beynəlxalq arenada baş verən proseslərə hər zaman obyektiv münasibət sərgiləyən Azərbaycanın mövqeyi ön planda olur. Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə ölkəmizin risklərin idarə olunmasında təcrübəsini göstərir. Vaxtında qərarların qəbul edilməsi uğurlu mübarizənin aparılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirən əsas amildir. Bu səbəbdən pandemiya zamanı həyata keçirilən effektiv tədbirlər vasitəsilə virusun geniş yayılmasına imkan verilmədi. Bundan əlavə Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı ekoloji problemlər, dünya nizamında yaranan problemlərin müzakirəsi, qərarların qəbulu, önəmli məsələlər ilə bağlı təkliflərin dünya ictimaiyyətinə çatdırılması prosesində yaxından iştirak edir”.
H. Heydərlinin sözlərinə görə, dünyada gedən münaqişəli durumlarla bağlı olan məsələlərin müzakirəsi kimi önəmli müzakirələr və s. istiqamətlərdə Bakı Qlobal Forumunda müzakirələr gedir:
“Hesab edirəm ki, bu il də biz bu ənənəni gerçəkləşdirərək çox ciddi şəkildə qlobal və regional problemlərin həllində rol oynamaqdayıq”.
Parçalanmış dünyanın bərpası devizinə gəldikdə isə ekspert deyib ki, Azərbaycan hər zaman sülh çağırışları edən və ölkələrin ərazi bütövlüyünü dəstəkləyən bir dövlət olaraq dünyaya nümunədir:
“ Heç bir ölkənin daxili işinə qarışmadığımız halda beynəlxalq güclərin ölkəmizdə qarşı münasibətində əksini görürük. Bu Forumda müzakirə olunan mövzuların aktuallığı və ölkə başçısı İlham Əliyevin açılış niqti də həmin ölkələrə verilmiş ən gözəl mesaj idi. Bu Forum Azərbaycanın hər zaman əzilmiş xalqların, öz müstəqilliyi uğurunda mübarizə aparan xalqların yanında olduğunun göstəricisidir. Dövlətimiz həm daxili, həm də xarici siyasətində humanizm dəyərlərini, birgəyaşayış prinsiplərini, mədəni müxtəlifliyin qorunmasını təşviq edir. Geosiyasi maraqların və iddiaların ədalət və humanizm prinsiplərinə meydan oxuduğu bu zaman kəsiyində xalqların və dövlətlərin təhlükəsizliklərini, milli identiklliklərini,bütövlükdə sivil, beynəlxalq hüquqa söykənən münasibətlər sistemini qoruyub-saxlamağın yeganə yolu sülh və əməkdaşlıqdan, dövlətlərin ərazi bütövlüklərinə, suverenliyinə hörmətdən, sərhədlərin toxunulmazlığından keçir.
Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi, yaxud da həmmüəllifi kimi məhz Azərbaycan ön sırada dayanır. Bu sadalananlar fonunda bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında öz əskini tapan məqamlar da bunu bir daha təsdiq edir”.