Azad olunan torpaqlarda köçkünlərlə birgə məskunlaşmaq istəyən Qərbi Azərbaycan qaçqınlarına da ev verilsə, çox yaxşı olardı
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin komitə iclasında qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna bütövlükdə yenidən baxılmalıdır: “Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. Yeni reallıqları nəzərə alaraq, bu qanuna yenidən baxmaq yaxşı təşəbbüs olar. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik”. Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli də deyib ki, “Azərbaycan vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsinin 5-ci bəndində belə bir cümlə var ki, məcburi köçkünlərə aid olan bütün güzəştlər Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil edilir: "Deməli, belə çıxır ki, başqa hal da nəzərdə tutulub. Əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil. Bu məsələyə diqqət yetirilməsini xahiş edirəm".
Qərbi Azərbaycandan olan araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd isə "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağ məsələsi həll olunduğuna görə artıq ölkəmizdə köçkün məsələsi qalmayıb. Onun sözlərinə görə, inşallah, köçkünlər qarşıdakı illərdə öz ata yurdlarına qayıdacaqlar, oranın inkişafına xidmət göstərəcəklər:
"Dövlətimiz köçkünlərlə bağlı mütəmadi işlər görüb, tam məskunlaşmaya qədər də yetərli dəstəyi göstərəcəyinə əminəm. Biz İrəvan qaçqınlarına gəldikdə isə bildiyim qədər hazırda hər hansı güzəşt yoxdur. Əvvəllər İrəvan bölgəsində doğulanlar dövlət universitetlərində ödənişli təhsildən azad edilirdilər. Şəxsən mən də zamanında bundan yararlanmışam. Amma artıq orada doğulanlar ali təhsillərini tamamladıqları üçün, yəqin ki, bu güzəşt də faktiki yoxdur. Düşünürəm ki, İrəvan qaçqınları üçün ev məsələsində dövlətin dəstəyi olmalıdır. Təbii ki, aradan artıq 35 il keçib, yetərli maddi imkana sahib olan qaçqınlar var. Ona görə də dövlət ehtiyaclılığa uyğun qaçqınlara fərdi yanaşma tətbiq etməlidir. Məsələn, azad olunan torpaqlarda köçkünlərlə birgə məskunlaşmaq istəyən qaçqınlara da ev verilsə, çox yaxşı olardı. Və ya o bölgələrdə işləməyə gedən qaçqınlar da evlə təmin olunmalıdırlar".