Prezident Azərbaycanı narahat edən bütün məsələləri ABŞ rəsmisinin diqqətinə çatdırdı
“Brüsseldə keçiriləcək üçtərəfli görüşün ritorikası xeyli yumşalacaq və mütləq Azərbaycanın mövqeyi nəzərə alınacaq"
Xəbər verdiyimiz kimi, aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib. Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Ölkə rəhbəri aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Almatı bəyanatına sadiq olduğunu vurğulayıb. Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub.
Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, İ.Əliyevin sözlərindəki qərarlılıq və prinsipiallıq vəziyyətin ciddiliyindən xəbər verir. Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Bu, bir daha Bakının İrəvanla gərginlikdə, müharibədə maraqlı olmadığını göstərir. Lakin rəsmi Bakı açıq şəkildə deyir ki, Ermənistanın silahlandırılması davam edərsə, təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı sərt olacaq. Nəticə etibarilə Blinkenin Prezident İlham Əliyevə zəng edib narahatlığını ifadə etməsi, habelə Brüssel görüşü ilə bağlı aydınlıq verməsi olduqca vacibdir. Rəsmi Bakı başa düşür ki, Qərbin Ermənistana iqtisadi-siyasi və hərbi yardımlarının əsas məqsədi bu ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Lakin bütün ehtimal risklər, Ermənistanın şıltaqlıqları və təxribat versiyaları nəzərdən keçirilir. Azərbaycan böyük güclərin regionda rəqabəti, habelə nüfuz mübarizəsi fonunda milli maraqlarına, habelə Ermənistan-Azərbaycan sülh prosesinə zərər gəlməsini qətiyyən istəmir. Buna görə də prinsipial mövqe nümayiş etdirir.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, 5 apreldə Brüsseldə keçiriləcək üçtərəfli görüş öncəsi Amerika Birləşmiş Ştatlarının dövlət katibi A.Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi hər şeydən öncə Vaşinqtonun Azərbaycana diqqətinin göstəricisi kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti və rəsmilər dəfələrlə görüşlə bağlı öz narahatlığını ifadə edib:
"Ağ Evin mövqeyi ABŞ-nin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsinin göstəricisi hesab edilməlidir. Digər pozitiv məqam ondan ibarətdir ki, Blinken keçiriləcək görüşün Azərbaycanın əleyhinə olmadığını açıq şəkildə bəyan edir. Şübhəsiz, bu mövqe önəmli olsa da, Azərbaycanı tam qane edən mövqe deyil. Ona görə ki, Azərbaycan belə bir görüşün baş tutmasını ümumiyyətlə istəmir. Əgər məlum görüşdə regional məsələlər müzakirə olunacaqsa, Azərbaycanın da görüşdə iştirakı nəzərdə tutula bilərdi. Bundan əvvəl də Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmilərinin açıqlaması oldu ki, bu görüş Azərbaycana qarşı deyil. İddia edilir ki, üçlü konfransın məqsədi Ermənistanın iqtisadi inkişafı ilə bağlıdır. Lakin bilirik ki, yarım məxfi görüş olduğuna görə, orada digər məsələlər də müzakirə oluna bilər. Azərbaycanı narahat edən bütün məsələlər Prezident tərəfindən A.Blinkenin diqqətinə çatdırıldı. Hesab edirəm, bu vacib zəngdən sonra Brüsseldə keçiriləcək üçtərəfli görüşün ritorikası xeyli yumşalacaq və mütləq Azərbaycanın mövqeyi nəzərə alınacaq".