Ermənistan bu istiqamətdə təxribatlarının ağır cəzasını düşünməlidir
"Ermənistanın Naxçıvan istiqamətində hərbi hərəkətliliyi davam etsə, bu, Bakının İrəvanı cəzalandırmasını fərqli təcrübəyə keçirə bilər".
Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun balansında ənənəvi döyüş silahları ilə yanaşı, ən müasir silahlar, hərbi texnikalar, pilotsuz uçuş aparatları, qırıcılar və ballistik raketlər mövcuddur:
"Üstəlik, Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi fonunda Naxçıvanda xüsusi təyinatlı dəstələrin say və peşəkarlığının artırılması təsadüfi sayıla bilməz.
Prezident İlham Əliyev hələ 2018-ci ilin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun “N” saylı hərbi hissəsi ilə tanışlığı zamanı demişdi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Onu da nəzərə almaq lazımdır ki, Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ilin mayında keçirdiyi Günnüt əməliyyatı nəticəsində 11 min hektardan çox əraziyə nəzarət bərpa edilib. Üstəlik, Azərbaycan Qarabağdakı Zəfərdən sonra Naxçıvan istiqamətindəki hərbi mövqelərini möhkəmləndirib və arta biləcək erməni təxribatlarına müdafiə immunitetini bərkidib".
Analitikin fikrincə, bütün bunlar Ermənistanın Naxçıvan istiqamətindən hərbi təxribatına veriləcək cavabların miqyasını təsəvvür etməyə imkan yaradır:
"Naxçıvanda Azərbaycanın taktiki üstünlükləri və mövqelərdən aparıla bilən müşahidələrin intensivliyi preventiv tədbirləri aktuallaşdırır. Həmin qabaqlayıcı tədbirlərin mümkün silahlı fazası isə Ermənistanın təxribatları hansı tempdə davam etdirəcəyindən asılıdır. Deməli, Naxçıvan zolağında İrəvanın provokasiyaları davam etdiyi təqdirdə Bakının müdafiə aparatı Ermənistanı daha bir cəbhədə sıxışdıracaq. Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Qubadlıda əldə etdiyi taktiki irəliləyişlərə oxşar ssenarilər bu dəfə Naxçıvan ətrafında təkrarlana bilər. Bu ssenaridə Ermənistanın döyüş gücünü bərpa edib artırmaq qabiliyyəti mümkünsüz görünür, çünki Naxçıvandan verilə biləcək cavabların miqyası ağırlığı ilə fərqlənə bilər. Yəqin, Ermənistanda da Naxçıvan Muxtar Respublikası ilə təxminən 80 kilometr məsafədə yerləşən İrəvan şəhərinin aqibətini düşünənlər var.
Deməli, Ermənistan Naxçıvan istiqamətində taktiki təxribatlarını və onu qidalandıran mənşələri kəsməsə, Azərbaycan Naxçıvanın müdafiəsi üçün kritik üstünlüklərini göstərib sərhədin bu istiqamətindəki çevikliyini artıracaq. Bu, Azərbaycan qoşunlarının mümkün hərbi əməliyyatlar baxımından əhəmiyyətli qazanc əldə etməsini asanlaşdıracaq".