Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan Baş naziri arasında keçirilən üçtərəfli görüşün iddia olunduğu kimi ciddi nəticələr doğurmamasında Azərbaycanın rəhbərinin qətiyyətli və prinsipial mövqeyi ilə yanaşı, qardaş Türkiyənin sərt reaksiyası da mühüm rol oynadı.
Türkiyə Xarici İşlər Nazirliyi görüşdən öncə bəyanat yayaraq, Azərbaycanın iştirakı olmadan keçirilən görüşün Cənubi Qafqazda sülhə xidmət etməyəcəyini, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını vurğulamışdı. Türkiyə XİN üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırmışdı: “Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Məhz görüş günü Türkiyənin sabiq xarici işlər naziri, TBMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Bakıya səfəri, Prezident İlham Əliyevin qəbulunda olması da Ankaranın Bakıya dəstəyinin nümayişi idi. Dövlət başçısı İlham Əliyev M.Cavuşoğlunu qəbul edərkən onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib. Ölkə rəhbəri vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib: "O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb".
Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib. Bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib. Fevralın 14-də keçirilən andiçmə mərasimində və aprelin 5-də Mövlud Çavuşoğlu ilə görüşündə dövlət başçısının səsləndirdiyi “Türk dünyası bizim bir ailəmizdir” fikirləri də türk birliyinin gücünün nümayişidir. Azərbaycanla Türkiyə arasında münasibətlər digər dövlətlərə örnəkdir, cox güclü siyasi münasibətlərimiz var.
Ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı dünya üçün nadir nümunəyə çevrilib. Sarsılmaz birliyə, tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə ən yüksək müstəvidədir və daim yüksələn xətlə inkişaf etməkdədir. Xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olduğu üçün iki ölkə hər zaman bir-birinin sevincini, kədərini paylaşıb. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyib. 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük müharibədə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun lideri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın Qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.
Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir. Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi. İkincisi, bu sənəd Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı. Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, Türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.
Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir. Qardaş Türkiyə bu gün də hər şəraitdə Azərbaycanın yanında olduğunu vurğulamaqdadır. Şübhəsiz, iki ölkənin birgə addımlamasında Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri də xüsusi rol oynayır. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə daim bir-birinin haqlı mövqeyini birmənalı müdafiə edirlər. Yəni Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bu məqam ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha gündəmə gətirildi. Dövlət başçısı ona ünvanlanan "kritik məqamda ilk kimə telefon edərsiniz" sualına cavab olaraq bildirdi ki, prinsipcə, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısına telefonla zəng edir. Ölkə başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı insanlardan birincisi Türkiyə lideri olub: "Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram".
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı "Sherg.az"a açıqlamasında bildirib ki, müəyyən kritik məqamlarda Azərbaycan və Türkiyə rəhbərliyi, yaxud rəsmilər arasında təmaslar xeyli vacibdir. Deputatın sözlərinə görə, digər türk dövlətlərinin başçıları bizi gözləyən təhlükəni iki-üç əvvəldən hiss edirdilər:
"Ona görə də Türk Dünyası anlayışının gündəmə gəlməsi, türk dövlət başçılarının müntəzəm görüşləri, Türk Dövlətləri Təşkilatının formalaşması, müəyyən idarəçilik modellərinin yaradılması hamısı ona xidmət edir ki, "biz tək deyilik". Bizim öz dünyamız, mühitimiz var. Türk Dünyası öz potensialına görə Avropa Birliyindən, yaxud digər regionlardan az əhəmiyyətli deyil və böyük perspektiv vəd edir. Türk birliyi dünyanın gələcək taleyində mühüm rol oynaya bilər. Tək-tək bizi əzərlər, imkanlarımızı əlimizdən alarlar. Amma bir yerdə olsaq, bizi əzmək qeyri-mümkündür. Türk dünyasının həlledici nöqtələri Türkiyə və Azərbaycandır. Ötən gün Azərbaycan Milli Məclisi Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaratdı. Bunun özü mühüm mesajdır. Türkiyənin NATO-dakı nümayəndəsi, keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlunun Bakıya gəlməsi, burada verilən mesajlar dünyada diqqətlə izlənilir. Dünya görür ki, biz Brüssel kimi görüşlərə biganə deyilik və bunun cavabı da var. Təsadüfi deyil ki, ABŞ dövlət katibi A.Blinken və Avropa Birliyi Komissiyasının prezidenti Ursula Fon der Lyayen dövlət başçısı İlham Əliyevə zəng etdi. Görüşün Azərbaycana qarşı olmadığını iddia etdilər. Ermənistanı sülh prosesinə dəvət etdiklərini vurğuladılar. Əgər Ermənistana 270 milyon avro, 65 milyon dollar maddi yardım ayrılırsa, bu o deməkdir ki, Qərb həm də Ermənistanın müdafiəsini gücləndirir, İrəvanın hərbi xərclərini artırır".
Parlamentari qeyd edib ki, Qərb ölkələri Ermənistanı hərbi sənayesini inkişaf etdirməklə Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar: "İnşallah, bu niyyətlərin heç biri baş tutmaz. Ermənistan ilk dəfə deyil ki, hansısa dövləti arxasına alaraq bizə baş qaldırır. Vaxtı ilə Rusiya erməniləri bizə baş bəlası edirdi. İndi də eyni şeyi ABŞ və Avropa edir. Nəticə etibarı ilə isə Ermənistan öz başına bəla açır. Balaca bir dövlətə bu qədər missionerlər, bu qədər hərbi sursat, texnika cəmləməyin gələcəyi yoxdur. Hər halda məsələlərə səbrlə, təmkinlə yanaşmalıyıq. Başqalarını ittiham etməkdənsə, dünyanın böyük gücləri ilə münasibətləri daha düzgün şəkildə qurmalı, ardıcıl iş aparmalıyıq".