Anklav olmayan 4 kənd qaytarılacaq -ŞƏRH

Azərbaycanın təzyiqləri nəticəsində məsələ yenidən gündəmə gəldi
 
Qriqoryan xəritə üzərində o kəndlərin Ermənistana aid olmadığını açıq şəkildə göstərdi
 
 
 Qazaxın işğal edilmiş esklav olmayan Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması məsələsi hazırda gündəmin əsas müzakirə mövzularındandır. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin qeyd-şərtsiz qaytarılmasını istəyir. Ermənistanda isə hələ ki buna müqavimət var. Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan deyib ki, hazırda Ermənistanın bütün siyasi palitrası Tavuş bölgəsinə yönəlib: "Maşınla dolaşır, ağacların altında şəkil çəkdirir, Ermənistanın kəndləri təslim etdiyini deyirlər. Biz kəndləri təslim etmirik, bu, mümkün deyil, kəndləri təslim edən cinayətkar olur. Biz dövlət sərhədinin qanuni rəsmiləşdirilməsi prosesinə başlayırıq". Andranik Koçaryanın sözlərinə görə, sərhəd xətti qurulduqdan sonra onu müdafiə etmək çox asan olur.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın mövcud xəritəsini göstərərək vurğuladı ki, anklav olmayan 4 kənd Azərbaycan sərhədindədir. Ekspertin sözlərinə görə, Ermənistanda revanşistlər və keçmiş prezident Serj Sarkisyan 4 kəndin Azərbaycana verilməsinin əleyhinədir: 
"Onlar bu amildən N.Paşinyana etirazın formalaşmasına çalışırlar, 4 kəndin "Ermənistana məxsus" olduğunu vurğulayırlar. Ona görə də Armen Qriqoryan xəritə üzərində dörd kəndin Ermənistana aid olmadığını açıq şəkildə qeyd etdi. Ermənistan dörd kəndlə bağlı Brüssel görüşü fonunda geri çəkilmişdi. Azərbaycanın təzyiqləri nəticəsində məsələ yenidən gündəmə gəldi. İrəvan kəndlərin Azərbaycana məxsus olduğunu növbəti dəfə ictimaiyyətə açıqladı. Kəndlərin qaytarılmasının vaxtı dəqiqləşməlidir. Rusiya dörd kəndin Azərbaycana verilməsinin əleyhinədir. Ancaq İrəvanın mövqeyi göstərir ki, bu kəndlər Azərbaycana qaytarılacaq. Lakin qarşı tərəfin şərtləri var və həmin şərtlər növbəti hərbi eskalasiyaya gətirib çıxara bilər".
İsmayıl