Dünyanı xaosa sürükləyən Qərbdir -ŞƏRH

 ABŞ-nin Azərbaycanı qondarma iddialarla ittiham etməyə nə siyasi, nə də mənəvi haqqı çatır
 
 
ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlayıb. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından, adamların öz hökumətlərini azad və ədalətli seçki yolu ilə dəyişə bilməməsindən bəhs olunur. Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmayıb.
 Hesabatın Azərbaycana aid hissəsində Qarabağın etnik erməni əhalisinin bölgəni bütünlüklə tərk etməsindən, hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara basqılardan, jurnalist və fəalların həbslərindən söhbət açılır.
 Həmçinin vurğulanıb ki, Azərbaycanda hökumət tənqidçisi olan jurnalistlər, media təmsilçiləri və insan haqları müdafiəçiləri artmaqda olan zorakılıq, qısnama və qanunsuz həbslərlə üzləşirlər. Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

 “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı isə “Sherg.az”a açıqlamasında  deyib ki,  hesabatda əks olunanlar ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı  “ənənəvi” mövqeyinin təzahürüdür: 
“Halbuki ABŞ-nin dünyada dini və milli tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanı  belə qondarma iddialarla ittiham etməyə nə siyasi, nə də mənəvi haqqı çatır. Planetin bütün nöqtələrində çoxsaylı müharibə və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə və səfalət içində yaşamasına səbəb məhz ABŞ və onun siyasətidir.  
 Əsrlərdən bəri bu ölkədə həyata keçirilən milli, dini və irqi diskriminasiya həm tarixin aynasında, həm də müasir reallıqlar kontekstində çox aydın görünür.
Hesabatın qeyri-obyektivliyinə və qərəzli olmasına dəlalət edən digər mühüm faktor onun dəqiq mənbələr yox,  dezinformasiyalar əsasında hazırlanmasıdır.
Ən maraqlısı isə hesabatdakı kəskin anti-Azərbaycan mövqenin daha çox 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatı sonrası yaranmış vəziyyətə əsaslanmasıdır. Lakin həmin ərazilərin 30 il ərzində ermənilər tərəfindən işğal altında saxlanması, yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, maddi-mədəni abidələrimizin - 60-dan artıq məscidin, onlarla muzeyin, saysız-hesabsız memarlıq və sənət əsərlərinin məhv edilməsi, nədənsə, diqqətdən kənarda qalır.
 Ermənistandan və Qarabağdakı evlərindən qovulan, vəhşi işgəncələrə məruz qalan azərbaycanlılar qaçqınlıqla məcburi köçkünlük həyatını yaşamaq məcburiyyətində qaldıqları 30 il (!) ərzində ABŞ Dövlət Departamenti onlarla bağlı bircə hesabat hazırlayıbmı? Bizə qarşı bu qərəzin, seçkili yanaşmanın səbəbi, şübhəsiz ki, 44 günlük İkinci Qarabağ müharibəsini ölkəmizin və xalqımızın tam qələbə ilə başa vurması, Ermənistanı kapitulyasiyaya vadar etməsi, Cənubi Qafqaz bölgəsindəki geosiyasi reallıqları dəyişməsi və yeni situasiya formalaşdırmasıdır. Azərbaycan sülh sazişinin imzalanmasına, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasına nail olmaq üçün Ermənistanla vasitəçilərsiz, birbaşa danışıqlar apararaq konkret nəticələr əldə etməkdədir. Qərbin isə əsl məqsədi bölgəmizdə sülhlə inkişaf yox, Azərbaycanla Ermənistanın fasiləsiz qarşıdurmada, maksimal gərginlikdə olmasına və imkan yaranarsa, hərbi əməliyyatların başlanmasına nail olmaqdır”.
 
F.Şahbazlının sözlərinə görə, bu dırnaqarası sənəd dini və irqi ayrı-seçkiliyi aradan qaldırmaq deyil, onu daha da dərinləşdirmək və dünya ictimaiyyətinin gözündə bir növ legitimləşdirmək məqsədi daşıyır. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bir sıra təşkilatlar, o cümlədən, ABŞ Dövlət Departamenti hər il dünya ölkələrində insan hüquqlarının qorunması ilə əlaqədar hesabat yayır: 
“ABŞ Dövlət Departamentinin hesabatı qurumun hadisələrə və proseslərə münasibətdə qərəzli, ikili standartlara söykənən və ədalətsiz mövqeyini növbəti dəfə ortaya qoyub. Üstəlik, hesabata dinlə heç bir əlaqəsi olmayan “Abzas media” və s. kimi sırf hüquqi işlərin də daxil edilməsi də onun siyasi xarakterli olmasından xəbər verir. Hansısa media strukturunun əməkdaşlarına qarşı “haqsızlıq” edildiyindən bəhs edirlərsə - nümayəndə heyətini və ekspertlər qrupunu yollayıb ibtidai istintaqın materialları ilə tanış ola bilərlər. İstəsələr, görə bilərlər ki, özlərini “müstəqil” adlandıran beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə daxildən təzyiq etmək, cəmiyyətdə kütləvi narazılıq yaratmaq, radikal müxalifəti etiraz aksiyalarına hazırlamaq, sadəcə, hakimiyyət mənsublarına qarşı yönəlmiş “araşdırmalar”ı azad jurnalistika kimi qələmə verməklə, əslində, alınan sifarişlərin icrası ilə məşğul olmaq və s. əməllərlə qanunu necə pozublar, yüz minlərlə dollar vəsaiti necə Azərbaycana keçiriblər və “icraçılar” arasında paylayıblar.
Lakin haqlı olaraq nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı “hesabat” adı ilə təqdim olunan bu tipli cızmaqaraları ciddiyə almır və qətiyyətlə rədd edir. Çünki Azərbaycan dövlətinin siyasəti həmişə  milli maraqlara, dinindən, milliyyətindən və irqindən asılı olmayaraq bütövlükdə xalqın maraqlarına xidmət edib və inamla deyə bilərik ki, bundan sonra da belə olacaq”.