Parlamentari: Azərbaycanın nüfuzu hər keçən gün artır

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
   
Son illər ölkəmiz dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi bir beynəlxalq platformaya çevrilib
 
 
 Dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər qət etdiyi yol sübuta yetirir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda qlobal problemlərin həllində platforma rolunu oynayır. Hazırda dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir.
 Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılıb.
 Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. 2015-ci il mayın 18-də “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəni müxtəlifliyi ilə qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdi: “Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.
 Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı 2019-cu il mayın 2-də Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib: “Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur”.
 Onu da qeyd edək ki, ölkəmiz islam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın milli mədəniyyətində islam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunub, həmçinin İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirilib.
 Deyilənləri ümumiləşdirsək vurğulaya bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir.
 Məlumat üçün bildirək ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək.
 
Millət vəkili Ceyhun Məmmədovun “Sherg.az”a açıqlamasına görə, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünya üzrə nüfuzunun artmasına, onun daha da tanınmasına səbəb olur. Artıq beynəlxalq tədbirlərin keçirilməsi məsələsində  Azərbaycanın özünəməxsus təcrübəsi var. Azərbaycanda keçirilən siyasət, iqtisadiyyat, millətlərarası dialoq istiqamətində keçirilən hər bir forumun özünün konkret vəzifələri var. Hər bir forumda qlobal, geosiyasi, regional məsələlər müzakirəyə çıxarılır və konkret qərarlar qəbul olunur:

“Azərbaycanın davamlı olaraq qlobal forumlara ev sahibliyini müşahidə edirik. Azərbaycanda etnik, mədəni və dini müxtəliflik dünyaya nümunədir. Ölkəmizdə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir. Daha dəqiq desək, bu amil birləşdirici funksiya daşıyır. Hazırda ölkəmizdə müxtəlif dinlərin, təriqətlərin, etnik qrupların nümayəndələri sülh  və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər.
 Tolerantlıq nümunəsi olan Azərbaycanda millətlərarası dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşılır. Ölkəmizdə dini tolerantlığın və mədəniyyətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. Millət vəkili deyib ki, respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb”.
 Forumun Azərbaycanda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirən millət vəkili deyib ki, qeyri-sabitlik, qarşıdurma ocaqlarının meydana gəldiyi bir vaxtda müzakirələrə, intellektual platformalara da ehtiyac artır: “Dünyada müharibələr, qarşıdurmaların sayı artır və bu da bizim üçün kifayət qədər narahatedici məqamdır. Bu cür Forumlara ev sahibliyi edərək biz müxtəlif ölkələri bir araya gətirə bilirik. Təsadüfi deyil ki, son illər ölkəmiz həm də dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi bir beynəlxalq platformaya çevrilib. Bu cür platformalar  mədəniyyətlərarası böhranın aradan qaldırılması, xalqlar arasında ünsiyyət yaratmaq, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığın təşviqi baxımından da olduqca əhəmiyyətlidir”.