Azər Həsrət: “Özüm buna dəfələrlə şahid olmuşam. Ölkəmiz haqqında yanlış təsəvvürü olanların bura gələndən sonra fikirləri əsaslı şəkildə dəyişib”
Mədəniyyətlərin dialoqu olmazsa, dünyamızın fəlakətlə üz-üzə qalacağı şəksizdir
Qarşıdakı günlərdə dünyanın nəzərləri yenə Azərbaycana yönələcək. VI Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumu 1-3 may tarixlərində paytaxt Bakıda işə başlayacaq. Azərbaycan dünyaya sivilizasiya, mədəniyyət, tolerantlıq nümunəsi təqdim edəcək. Bu, hər ölkəyə, hər dövlətə nəsib olmayan yüksək dəyərlərdir. Şərqlə qərb mədəniyyətinin qovuşduğu, insanların mədəni, milli, dini dəyərlərini bu dərəcədə qoruyub saxlaya bildiyi, müxtəlif dini konfessiyaların sülh, qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkələrə dünyada çox az rast gəlinir. Azərbaycan bu baxımdan örnək ölkə, örnək dövlətdir. Hazırda dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin əldə edilməsi çox aktualdır. Mədəniyyətlərin dialoqu olmazsa, dünyamızın fəlakətlə üz-üzə qalacağı şəksizdir. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək, əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılıb.
1-3 may tarixlərində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə”dir. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirakı gözlənilir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar sərbəst dialoq şəraitində sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsidir. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Keçirilən forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qlobal əhəmiyyətli, qlobal miqyaslı tədbirlərin Bakıda və ümumən Azərbaycanda keçirilməsi hər şeydən öncə ölkəmizin belə məsələlərdə ənənəvi mərkəzə çevrilməsinin göstəricisidir:
- 10 ildən artıqdır ki, ölkəmiz, Azərbaycan dövləti müxtəlif qlobal tədbirlərə, beynəlxalq forumlara ev sahibliyi edir. Təkcə ev sahibliyi etmir, həm də təşəbbüslərlə çıxış edir. Demək, dövlətimiz təşəbbüslərlə çıxış etmək gücünə sahibdir. Azərbaycan həm təşəbbüslərlə çıxış edir, həm də bu tədbirlərin gerçəkləşdirilməsi üçün yetərincə imkanlara sahibdir. Əlbəttə, bu cür tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Bu baxımdan ki, belə tədbirlər Azərbaycanın tanıdılması, digər ölkələrlə əlaqələrin genişləndirilməsi, dünyanın müxtəlif ölkələrində Azərbaycana bağlı olacaq insanların səfərbər edilməsi baxımından faydalıdır. Bura gələnlər Azərbaycanla tanış olduqda ölkəmiz haqqında müsbət düşünürlər. Çünki məlumdur, bəzi Qərb dövlətləri, bəzi siyasi dairələr ölkəmizlə bağlı mənfi təbliğat aparır. Ölkəmizi tanımayanlar, haqqımızda doğru bilgilərə sahib olmayanlar bizə qarşı arzuolunmaz mövqelərdən çıxış edir. Amma bura gəldikdə, reallıqları gördükdə, birbaşa ünsiyyətdə olduqda, məlumat topladıqda mövqeləri, fikirləri dəyişir. Özüm buna dəfələrlə şahid olmuşam. Ölkəmiz haqqında yanlış təsəvvürü olanların bura gələndən sonra fikirləri əsaslı şəkildə dəyişib. Obyektiv mövqedən çıxış ediblər və indiyədək yanlış təsəvvürə malik olduqlarını etiraf ediblər. Bu baxımdan qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi faydalıdır və təqdirəlayiqdir.