Dialoq, münasibətlər, inteqrasiya daha sıxlaşmalıdır -ŞƏRH

İnsanlar çox zaman siyasi, hərbi dildən daha çox mədəni dildə tez anlaşırlar
 
Mədəniyyət və dinlər insanları daha çox bağlayır, daha çox təsirə məruz qoyur
 
 
 Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin görüşü keçirilib.
30-dan çox ölkənin dini liderlərinin  iştirak etdiyi görüşdə  Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış ediblər.
Bakı görüşü öz işini “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar iclas ilə davam etdirib.

 Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki,  beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi müsbət haldır və ölkəmizin önəmini, əhəmiyyətini göstərir: 
“Azərbaycan həqiqətlərini dünyaya bir daha çatdırır. Məlumdur ki, Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazisində olan çoxsaylı tarixi-mədəni abidələr dağıdılıb, təhqir olunub və mədəniyyətimizə zərər vurulub. Dini liderlərin Azərbaycana gəlməsi, əsasən də Şimali Qafqaz müftilərinin yüksək səviyyədə qəbul edilib fikir mübadiləsi aparılması dini dəyərlərə verilən dəyər, əsasən də regionda sülhün, ortaq mədəni və dini dəyərlərin inkişafına xidmət edir.
 Bu cür toplanışlar mütəmadi hal almalıdır. Çünki din sahəsində bəzən boşluq tapanlar radikalizm, ekstremizm kimi fəaliyyətlərini yerləşdirməyə cəhd edirlər. Qafqaz xalqlarının dini liderləri ilə əsasən türk ölkələrinin dini liderləri ilə əlaqələr, dini, mədəni münasibətlər daha da sıx olmalıdır. İndiyəcən bəzi boşluqlar buraxılıb ki, indi bərpa olunmalıdır. Cənub qonşumuz ölkəmizdə dini auranı korlamağa, siyasi məqsədlərinə alət etmək məqsədilə etibardan sui-istifadə edərək cəhdlər edib. Madam ki, bizim iqtisadi, siyasi və digər əlaqələrimiz türk ölkələri ilə daha da etibarlıdır, əsasən dini və mədəni sahədə də o ölkələrlə sıx əlaqələr olmalıdır”.

 İlahiyyatçının sözlərinə görə, dünyanın mədəni tərəqqisinə Azərbaycan böyük töhfələr verib tarixən, bu gün də verməkdədir: 
“Azərbaycanın yetirdiyi elm və mədəniyyət adamları, şair və yazıçıları, tənqidçiləri bu gün də Qərbdə, dünyanın bir çox ölkələrində çap olunur, təbliğ və tədris olunur.  Dini tolerantlıq nümunəmiz isə dünyaya, əsasən də müsəlman ölkələrinə ibrət, misal göstəriləcək dərəcədə sabitqədəmdir. İslamın yarandığı coğrafiyalarda mövcud olan bir neçə ölkədə dinlər, məzhəblərarası münaqişə hətta vətəndaş müharibəsinə qədər aparıb, milli birliyi pozub, hətta İraq kimi dövlətin işğalına gətirib çıxarıb. Fəqət Azərbaycanda tarixən mövcud olan dini, milli tolerantlıq bu gün dünyaya nümunə olaraq xarici təsirlərə baxmayaraq, heç zaman pozulmayıb, əksinə, daha da möhkəmlənib, daha da inkişaf edib. Mədəniyyətlərarası dialoq, münasibətlər, inteqrasiya daha sıxlaşmalıdır. İnsanlar çox zaman siyasi, hərbi dildən daha çox mədəni dildə tez anlaşırlar. Mədəniyyət və dinlər insanları daha çox bağlayır, daha çox təsirə məruz qoyur. Ancaq münasibətlər zəif olanda mədəniyyətlər arasında, dinlər arasında qütbləşmə, uzaqlaşma yaranır və mənfi məqsədlərə alət olur. Ona görə bu kimi tədbirlərin keçirilməsi və əsasən də Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmiz üçün çox önəmli, çox faydalıdır”.