Sülh müqaviləsi noyabra qədər bağlana bilər -RƏY


Paşinyan təzyiqlərə rəğmən, danışıqları davam etdirir, sülh prosesində maraqlı olduğunu göstərir
 
 
 Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb. Qeyd edək ki, görüş mayın 10-da baş tutacaq. Baş nazir vurğulayıb ki, Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan XİN başçılarının Almatıda keçiriləcək görüşü zamanı müzakirə olunmalıdır. Paşinyan xatırladıb ki, Almatı Bəyannaməsi Ermənistanla Azərbaycan arasında demarkasiyanın baza prinsipi kimi hər iki tərəf tərəfindən qəbul edilib. O qeyd edib ki, delimitasiya Sovet İttifaqının hüquqi qüvvəyə malik ən son xəritələri əsasında, SSRİ-nin dağıldığı dövrdə Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhədlərini əks etdirən xəritələrdən istifadə etməklə həyata keçirilir. Baş nazir onu da deyib ki, Qazax istiqamətində sərhəd dirəkləri hüquqi əsaslarla quraşdırılır və Voskepar, Kirants, Berkaber və bütövlükdə Ermənistanın təhlükəsizliyinin təminatına çevrilir. Məlumat üçün deyək ki, Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb. Nikol Paşinyan Ermənistan daxilindəki revanşist qüvvələri də tənqid edib. Bildirib ki, bəzi qüvvələr Ermənistanın suverenliyini ləğv etmək istəyir: "Müxalifətin tanınmış nümayəndələrindən biri canlı efirdə Ermənistanda açıq və ədalətli seçkilərin keçirilməsinin məqsədəuyğunluğundan şübhələnir. Bunun nə demək olduğunu başa düşürük? Bu o deməkdir ki, Ermənistanın suverenliyi mübahisəlidir, çünki suverenliyin mənbəyi xalqdır". O qeyd edib ki, bir sıra daxili və xarici qüvvələrin müharibəyə ehtiyacı var və bu, hakimiyyət dəyişikliyini seçkisiz həyata keçirmək məqsədi daşıyır: “44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib. Onlar müharibəyə təhrik etməyi, Ermənistanda müharibə nəticəsində seçkisiz hakimiyyət dəyişikliyi təmin etməyi və bunun ardınca Ermənistanda qeyri-legitim, marionet hakimiyyətini quraraq Ermənistanın de-fakto, ardınca isə de-yure suverenliyini ləğv etmək istəyir”.

 Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan daxildən və xaricdən məruz qaldığı təzyiqlərə rəğmən, danışıqları davam etdirir, sülh prosesində maraqlı olduğunu göstərir. Partiya rəhbərinin sözlərinə görə, Paşinyanın və İrəvan hökumətinin digər rəsmilərinin də açıqlamaları bu yöndədir: 

"Amma erməni rəsmilərinin bəyanatlarında müəyyən ziddiyyətlər də var. Əgər Ermənistan hökuməti sülh danışıqlarında nəticəyə nail olmaq istəyirsə, mütləq Bakının yol xəritəsi ilə hərəkət etməlidir. Ermənistan-Azərbaycan arasında danışıqlar, müzakirələr nəticə verərsə və müəyyən anlaşmalar, razılaşmalar olarsa, çərçivə sənədi imzalanarsa, Paşinyana ciddi təzyiqlər o zaman ola bilər. Bunun da qarşısını İrəvan hökuməti özü almalıdır. Ancaq Ermənistan bilərəkdən, ya da başqa səbəblərdən ləng hərəkət edir. Bir addım irəli atırsa, iki addım geri gedir. Ona görə də konkret hansısa görüşlə bağlı nikbin olmaq mümkünsüzdür. XİN rəhbərləri səviyyəsində görüşlərin istənilən nəticə verəcəyini zənn etmirəm. Ola bilsin, qarşıdakı məsələləri, yaxud sülhün çərçivə sənədi ilə bağlı müzakirələr aparmaq üçün işçi qruplarının yaradılması barədə qərar verilsin. Sözün açığı, o qədər optimist deyiləm".