7 müstəqil türk dövləti hələ də ortaq əlifba məsələsini həll edə bilmir
Elm və Təhsil Nazirliyinin məlumatına görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mütəxəssisləri tərəfindən “Ortaq türk əlifbası”nın layihəsi hazırlanıb. Məlumatda bildirilir ki, Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” tədris vəsaitlərinin layihələri üzrə hazırda işlər davam etdirilir. Akademiyada fənn üzrə mütəxəssislərin dərslik layihələrinə dair rəy və təkliflərinə baxılır. Nazirlik tərəfindən bildirilib ki, həmin dərsliklərin tam orta təhsil pilləsi üzrə seçiləcək pilot məktəblərdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə tədrisi planlaşdırılır.
Siyasi şərhçi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin qurucusu, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında tədris vəsaitləri üzərində iş aparılmasını alqışladığını dedi:
- Belə təşəbbüslər, layihələr hər zaman alqışlanmalıdır. Türk xalqlarının, türk kimliyinin ortaqlaşması üçün ortaq türk tarixi və ədəbiyyatının, eləcə də ayrı-ayrılıqda türk xalqlarının və türk dövlətlərinin tarix və ədəbiyyatının, mədəniyyətini öyrənilməsi, tədqiq edilməsi vacibdir. Bu işlə müxtəlif zamanlarda alimlərimiz, tədqiqatçılar məşğul olub və indi də çalışanlar vardır. Bunlar elmi işlərdir, geniş auditoriya üçün deyil. Amma dərsliklər sadə dildə, məktəblilərin, yeniyetmələrin anlayacağı, onlarda maraq oyadacağı dildə hazırlanarsa və orta məktəblərdə dərs saatlarına əlavə edilərsə, həm gənclər öyrənər, həm də ümumilikdə millətimiz, xalqımız. Amma türk toplumunun əsas problemi tarix, ədəbiyyat deyil. Bizim ən böyük problemimiz ortaq əlifbamızın olmamasıdır. Və bu problem illərdir ki, həllini tapmır. Türk dövlətləri müstəqilliklərini əldə ediblər, dünyaya inteqrasiya ediblər, təkcə özümüzə inteqrasiya etməmişik. Hələ də bir-birimizi anlamaq üçün başqa, yad dildən istifadə edirik. Əlbəttə, bunda tarixi şərait, siyasi reallıqlar öz sözünü deyib. Lakin nəhayət, biz də öz sözümüzü deməliyik. Və məhz türk dilində deməliyik. Görəcəymiz işlər çoxdur. Baxın, dünyada eyni soydan olan xalqlar, dövlətlər var. Məsələn, ingilislər, ispanlar, ərəblər, fars mənşəli xalqlar. Onların əsas üstünlüyü ortaq əlifbalarının olmasıdır. Bütün ərəb dövlətlərinin əlifbası eynidir, ingilislərin, portuqalların, almanların, ispanların da əlifbaları eynidir. Dünyanın harasında yaşamalarından asılı olmayaraq onlar hansı səmtdə, hansı materikdə yaşamalarından asılı olmayaraq eyni əlifbadan istifadə edirlər. Azərbaycanla Türkiyə iki qardaş ölkədir, Orta Asiya türkləri də bizimlə eyni kökdən, eyni soydandırlar. Amma Azərbaycan dili qardaş Türkiyə türkcəsiylə daha çox yaxındır, bir-birimizi demək olar ki, başa düşürük, bəzi kəlmələr, yen sözləri hesaba almasaq. Lakin Orta Asiya türklərinin dilini anlayan, başa düşən nə qədər insan olar? Çox az. Məlum məsələdir, biz Orta Asiya dövlətləri ilə indiyədək çox sıx münasibətlərdə olmamışıq, 1990-cı illərədək diyaçıxmaq üizim qədər bir-birinə yaxın, qardaş olan 2 dövlət yer üzündə tapılmaz. ümumi “vətənimiz” SSRİ olub və əsas danışıq dili də rus dili idi. Amma artıq 30 ildir ki, türk dövlətləri müstəqildir, amma hələ də ortaq əlifbamız yoxdur, hələ də bir-birimizi anlamaqda, ortaq dildə danışmaqda çətinlik çəkirik. İllərdir bu barədə danışılır, deyilir, ortada bir nəticə yoxdur. Orta Asiya türk dövlətləri tam olaraq latın əlifbasına keçid etməyib. Türkmənistanda latın əlifbasıdır, amma müəyyən fərqliliklərlə. Özbəkistan latın əlifbasına keçidi heç cür bitirə bilmir. 7 müstəqil türk dövləti hələ də ortaq əlifba məsələsini həll edə bilmir. Ortaq ünsiyyət dilimiz də formalaşmayıb. Bu problemlər həll edilməlidir. Ortada bir layihə var, 1991-ci ildə İstanbul Mərmərə Universitetində keçirilən “Millətlərarası çağdaş türk əlifbaları” simpoziumunda bəyənilib. 34 hərfdən ibarət ortaq əlifba layihəsidir. Hesab edirəm ki, layihə üzərində işlənməli və icrasına başlanılması üçün proses sürətləndirilməlidir. Hər bir türk toplumunun danışıq ləhcəsinə uyğun müəyyən hərflər, səslər var ki, onlar əsas alınmaqla əlifbanı ortaq şəklə salmaq olar.